Bakıda akademik Zərifə Əliyevanın anadan olmasının 95ci illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçirilir


Digərləri 28 Apr 2018 13:35:00 267 0

Bakıda akademik Zərifə Əliyevanın anadan olmasının 95ci illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçirilir

Bu gün Bakıda akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci illiyinə həsr edilmiş "Oftalmologiyanın aktual problemləri" adlı beynəlxalq elmi konfrans keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən səhiyyə naziri, tibb üzrə elmlər doktoru, professor Oqtay Şirəliyev əvvəlcə dövlət başçısı İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə tibb ictimaiyyəti adından təbrik edib.

Sonra nazir bildirib ki, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın, peşə, xüsusilə kimya və elekton sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanım müasir problemlərinə dair bir çox faydalı tədqiqatların müəllifi olub.

O.Şirəliyev əlavə edib ki, Zərifə Əliyevanın "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri", "İridodiaqnostika", "Şəkərli diabet zamanı gözün patologiyası", "Oftalmologiyanın aktual problemləri" və bu kimi digər monoqrafiyaları çap edilib: "Ümumiyyətlə, onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edib. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir".

Nazir qeyd edib ki, Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.

Onun rəhbərliyi altında elmi kadrların hazırlandığını xatırladan nazir Zərifə Əliyevanın zəngin daxili aləmə malik olduğunu da vurğulayıb: "O, öz atasının yolunu yalnız fəaliyyəti ilə deyil, daxili aləmi ilə də davam etdirib. Ölümündən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, Zərifə Əliyeva xalqın ürəyində hələ də yaşayır. İnsan xeyirxah əməlləri ilə yadda qalır. Onun yaşadıqları 62 ilə sığışmır, zəngin elmi irsi bu gün tibb ictimaiyyəti üçün dəyərlidir. Onun apardığı tədqiqatlar oftalmologiyada bir sıra müalicələr üçün yeni imkanlar yaradıb".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, Zərifə Əliyeva Azərbaycanın oftalmologiya elmində özünəməxsus yer tutub. O, Zərifə Əliyevanı böyük alim və gözəl insan kimi dəyərləndirib: "Zərifə Əliyeva haqqında yazı yazsaydım, başlığını belə qoyardım: "Əvəzolunmaz insan". O, alicənab, nəzakətli və sadə insan idi. Ailənin gözəl xanımı idi. Azərbaycanın XX əsrinin görkəmli qadınlarından biri idi. Zərifə Əliyeva gözəl bir ailədə dünyaya göz açıb. Bu gözəl ailədə doğulan Zərifə Əliyeva özü də gözəl ailə başçısı olub, Azərbaycana gözəl övladlar bəxş edib. Zərifə xanım hələ o zaman Moskvada əsaslı elmi çıxışlar edirdi. Onun çox gözəl natiqlik qabiliyyəti var idi".

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov isə bildirib ki, bu gün Azərbaycan elminin böyük bayramıdır. Görkəmli alim olan Zərifə Əliyeva Azərbaycan elmini yüksəklərə qaldırıb və elmimizi dünya elminə çatdırıb: "1940-50-ci illərdə Azərbaycanda traxoma xəstəliyi sürətlə yayılırdı. Onun Azərbaycanda bu xəstəliyi aradan qaldırmasında böyük rolu olub. O, peşə patologiyası ilə də məşğul olub, zərərli maddələrin görmə orqanlarına təsirini öyrənib. Zərifə xanım bu işlərin sonu kimi Moskvada kimya sənayesi üzrə görmə orqanlarının patologiyasına dair elmi iş müdafiə edib. Onun bir çox elmi əsərləri oftalmoloqların stolüstü kitabına çevrilib. Zərifə xanım oftalmologiya sahəsinin fədaisi olub. Onun ən böyük arzusu bu idi ki, Azərbaycanda Oftalmologiya Mərkəzi açılsın və başqa ölkələrdən buraya müalicə üçün gəlsinlər. Biz fəxrlə deyə bilərik ki, bu gün Mərkəzdə savadlı gənc həkimlər çalışır. Bizləri bütün dünya tanıyır".

E.Qasımov deyib ki, Oftalmologiya Mərkəzinin Səyyar klinikası vasitəsilə 10 il ərzində 36 min xəstəyə baxış keçirilib. Bu gün Mərkəzdə bütün əməliyyatları həyata keçirmək mümkündür.