8 yaşayış məntəqəsinin yolu yenidən qurulur FOTO


Digərləri 28 Apr 2018 10:12:00 225 0

8 yaşayış məntəqəsinin yolu yenidən qurulur  FOTO

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramında yer alan sosial layihələr sırasında Qəbələ rayonunun Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən uzunluğu 18 km olan avtomobil yolunun yenidən qurulması layihəsinə başlanıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq, ən əsası respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxış əldə olunmaqla 8 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək. Bununla da yol boyu yaşayan 10 min nəfərdən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.

Layihəyə əsasən 18 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Bununla əlaqədar olaraq yolun yararsız qruntu 34 min kub.m sahədə qazılaraq çıxarılır, yola yararlı çınqıl materialı tökülərək genişləndirilir, genişləndirilmiş və bitki qatından təmizlənmiş ərazilərdə yenidən kipləşdirmə işləri aparılır və 72 min kub.m sahədə yeni yol yatağı inşa edilir. 170 min kv.m sahədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının layihədə nəzərdə tutulmuş qalınlıqlarda inşasından sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək.


Xəbərə aid fotolar