Fərhad Bədəlbəyli: "Hər il Gəncədə Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş festival keçiriləcək"


Digərləri 27 Apr 2018 23:42:35 197 0

Fərhad Bədəlbəyli: "Hər il Gəncədə Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş festival keçiriləcək"

Professor: "O, doğrudan böyük bir alim idi"

Gəncədə "Zəriflik" Beynəlxalq Musiqi Festivalı hər il təşkil olunacaq.

"Report"un Qərb bürosunun məlumatına görə, bu barədəbeynəlxalq musiqi festivalının bədii rəhbəri, SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli bildirib.

Bədii rəhbər onu da bildirib ki, festival Gəncə şəhərinin tarixində böyük bir hadisədir. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalında jurnalistlərə müsahibə verən Fərhad Bədəlbəyli Z. Əliyevanın musiqiyə marağının böyük olduğunu qeyd edib.

"Bu festival Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunduğu üçün tədbirə "Zəriflik" adı vermişik. Biz bir küçədə yaşayırdıq. O, doğrudan böyük bir alim idi, eyni zamanda musiqini çox sevirdi. Özü pianoda ifa edərdi. Onların evində hər zaman musiqi səsi gələrdi. Zərifə xanımın xatirəsinə həsr olunmuş bu festival Gəncə şəhərində hər il keçiriləcək".

F. Bədəlbəyli festivalın keçirildiyi Gəncə şəhər Filarmoniya binasının möhtəşəm olduğunu da vurğulayıb.

"Bu cür filarmoniya binası Avropanın ən gözəl binalarındandır. Belə filarmoniyada qonaqlar özlərini möhtəşəm hiss edir. İnanıram ki, filarmoniya gələcəkdə Gəncə üçün çox böyük rol oynayacaq."

Qeyd edək ki, Beynəlxalq Musiqi Festivalı aprelin 30-dək davam edəcək.