"Əmək və sosial müdafiə sahəsindəki işlərin əsasında şəffaflığın, sosial ədalətin tam təmin olunması dayanmalıdır"


Digərləri 27 Apr 2018 19:02:00 285 0

"Əmək və sosial müdafiə sahəsindəki işlərin əsasında şəffaflığın, sosial ədalətin tam təmin olunması dayanmalıdır"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) aidiyyəti fəaliyyət sahələrində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki,  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək və sosial müdafiə sahələrində idarəetmə sistemlərinin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, bu sahələr üzrə əhaliyə xidmətlərdə müasir iş üsullarının, şəffaflığın və sosial ədalət prinsiplərinin, elektron texnologiyaların geniş tətbiqinin təmin edilməsinin Azərbaycan Prezindenti İlham Əliyev tərəfindən nazirlik qarşısında müəyyən edilən əsas vəzifələrdən olduğunu vurğulayıb.

Nazir ölkəmizin əmək bazarında sabitlik və inkişaf meyillərinin mövcud olduğunu, əmək münasibətlərinin qeydiyyatı və rəsmiləşdirilməsi ilə bağlı nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib. S.Babayev bu sahə ilə bağlı təhlillərin aparılması və tədbirlərin effektiv təşkilinin diqqətdə saxlanmalı olduğunu bildirib.

Ölkəmizdə müsbət demoqrafik vəziyyətin, əhalinin təbii artım tempinin davam etdiyini vurğulayan nazir demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin gücləndirilməsinin, qabaqcıl beynəlxalq təcrübədən geniş istifadənin zəruruliyini diqqətə çatdırıb.

S.Babayev bildirib ki, demoqrafik inkişafın təzahürlərindən biri olaraq əmək qabiliyyətli əhalinin sayının mütəmadi artması aktiv məşğulluq tədbirlərinin və xidmətlərinin səmərəliliyinin artırılmasını mühüm vəzifələrdən biri kimi şərtləndirir. Xüsusilə də əmək bazarında daha təsirli və konkret nəticələrin əldə olunması üçün məşğulluq tədbirlərinin həyata keçirilməsi, həmçinin bu xidmətlərin elektron müstəvidə qurulması aktual məsələlər kimi qarşıda durur. Nazir həmçinin əmək miqrasiyası kvotasının hazırlanmasında da elmi-praqmatik yanaşmaya istinad olunmasının vacibliyini diqqətə çatdırıb.

S.Babayev əmək bazarında məşğulluq imkanlarının genişlənməsi və əmək haqlarının artımı ilə müşahidə olunan sosial-iqtisai inkişaf proseslərinin məcburi dövlət sosial sığorta daxilolmalarına da müsbət təsirini qeyd edib. Nazir bildirib ki, sosial sığorta daxilolmalarında artım tempinin təmin olunmasına, müvafiq proqnoza əməl olunmasına yönələn sistemli tədbirlərin həyata keçirilməsi vacibdir. Bu sahədə qeyri-formal məşğulluq hallarının aradan qaldırılması, əməyin leqallaşdırılması kimi vacib hədəflərə doğru yönələn tədbirlərlə paralel, sosial sığorta münasibətlərində səmərəli idarəetmənin təşkilinə və şəffaflığın tam təmin olunmasına da xüsusi diqqət yetirilməlidir.

Ünvanlı dövlət sosial yardım sisteminin aztəminatlı ailələrin müdafiəsində önəminə toxunan S.Babayev vurğulayıb ki, ilk növbədə sosial yardım sistemində ədalətlilik, şəffaflıq, dövlət vəsaitlərinin yönəldilməsində ünvanlılıq prinsiplərinin güclənməsi diqqətdə saxlanılacaq. Digər tərəfdən, sosial yardım alan aztəminatı ailələrin məşğulluq potensiallarının öyrənilməsi yolu ilə onların gəlir imkanlarının artırılmasına özünüməşğulluq proqramı çərçivəsində dəstək üçün konkret işlər görülməlidir.