Azərbaycan Sarayevoda beynəlxalq investisiya konfransında iştirak edir


Digərləri 27 Apr 2018 16:51:00 272 0

Azərbaycan Sarayevoda beynəlxalq investisiya konfransında iştirak edir

“9-cu Beynəlxalq İnvestisiya Konfransı-Sarayevo Biznes Forumu” işinə başlayıb.

Bakı. Bosniya və Herseqovinanın Sarayevo şəhərində müxtəlif ölkələrdən olan 1800 nümayəndənin iştirakı ilə “9-cu Beynəlxalq İnvestisiya Konfransı-Sarayevo Biznes Forumu” işinə başlayıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir. Qeyd edək ki, Bosniya Beynəlxalq Bankı və İslam İnkişaf Bankının təşkilatçılığı ilə keçirilən konfrans Cənub-Şərqi Avropada mühüm investisiya və biznes tədbirlərindən biri olmaqla, biznes əlaqələrinin qurulması və investisiya imkanlarının araşdırılması üçün əlverişli platforma rolunu oynayır. Konfrans 2010-cu ildən başlayaraq hər il bir çox ölkədən rəsmilərin, sahibkarların, investorların və tədqiqatçıların iştirakı ilə təşkil edilir, yeni ideyaların və təşəbbüslərin formalaşması və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi üçün uğurlu mexanizm qismində çıxış edir. Bu il keçirilən tədbirdə biznesin inkişafında informasiya texnologiyalarından effektiv istifadə, rəqəmsal iqtisadiyyat və biznesin rəqəmsal transformasiyası, innovasiyaların iqtisadiyyata tətbiqi üçün əlverişli şəraitin yaradılması, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, qadınların biznes fəaliyyətində rolunun dəstəklənməsi, yeni iş yerlərinin yaradılmasında startapçıların rolu, kiçik və orta sahibkarlığın iqtisadiyyatdakı əhəmiyyəti kimi mövzular müzakirə edilir.