3 ayda qeyrineft sektoru üzrə ixrac 35 faiz artıb


Digərləri 27 Apr 2018 16:21:00 228 0

3 ayda qeyrineft sektoru üzrə ixrac 35 faiz artıb

2018-ci ilin I rübü ərzində qeyri-neft sektoru üzrə ixrac 356,4 milyon ABŞ dolları təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin aprel sayında bildirilib.

İcmalın bu sayında göstərilir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 35 faiz artıb. Cari ilin yanvar-mart ayları ərzində Rusiyaya 98,7 milyon, Türkiyəyə 97,6 milyon, İsveçrəyə 33,8 milyon, Gürcüstana 31,8 milyon və Çinə 11,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2018-ci ilin I rübü ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında elektrik enerjisi (33,9 milyon ABŞ dolları) birinci, qızıl (30,9 milyon ABŞ dolları) ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (26,3 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə isə I rüb ərzində meyvə-tərəvəz ixracı 80,7 milyon, elektrik enerjisinin ixracı 33,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 32,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 30,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,8 milyon, kimya sənayesi məhsullarının ixracı 12,4 milyon ABŞ dolları olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin I rübündə elektrik enerjisinin ixracı 8,6 dəfə, meyvə-tərəvəzin ixracı 45,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 34,8 faiz, kimya sənayesi məhsullarının ixracı 29,5 faiz, pambıq ipliyi ixracı 24,8 faiz, çayın ixracı 12,9 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 4 faiz artıb.