Cümhuriyyət hökumətinin İranla əlaqələri necə idi?


Digərləri 26 Apr 2018 23:23:00 260 0

Cümhuriyyət hökumətinin İranla əlaqələri necə idi?

İranın Xəzər sahilinə çıxan bölgələrində Azərbaycan Respublikasını böyük ticari imkanlar gözləyirdi. İran ixracatının 60-70 faizinin istehsalı ənənəvi olaraq məhz həmin regionun payına düşüb. Azərbaycan və xüsusilə Bakı-Batumi dəhlizi isə Avropa bazarına aparan təbii çıxış idi.

Bəs milli hökümət iqtisadi imkanları gəlirli xarici ticarətə çevirə bildimi? Təəssüf ki, o dövrün reallığında ciddi siyasi və iqtisadi problemlər mövcud idi.

İlk əvvəl, Azərbaycanın müstəqilliyini elan etməsi İranı razı salmamışdı. Yeni respublikanın adı İran üçün gözlənilməz olmuşdu. İranlılar bunun Osmanlı imperiyası və Türkiyənin hiyləsi olduğunu düşünürdülər.

Birinci Dünya Müharibəsi dövründə İran bitərəf ölkə olub. Lakin Osmanlı qoşunları onun sərhədini dəfələrlə adlayıb, şimal istiqamətindən isə eyni hərəkəti Rusiya edib.

Müharibə vaxtı Osmanlı ordusu Təbrizi işğal edib və mərkəzi hökümətə qarşı təbliğat aparıb. Araz çayından şimalda Azərbaycan respublikasının elan edilməsini Tehran Türkiyənin işğalı ilə üst-üstə düşən addım kimi qiymətləndirirdi.

Digər siyasi problem də var idi. 1918-ci ildə İranda mərkəzi hökümət Xəzərin sahilinin özünə aid olan bütün hissəsinə nəzarət etmirdi. Belə bir xaotik vəziyyətdə, qarışıq ideoloji baxışları olan İran millətçisi Mirzə Kiçik Xan Gilana rəhbərlik edirdi.

Müharibə dövründə Kiçik Xan Gilanda Cəngəli tayfalarının İranın mərkəzi hökümətinə qarşı qiyamını təşkil etmişdi. 1918-ci ildə Kiçik Xan öz mövqeyini gücləndirdi. Onun döyüşçülərinə bir neçə alman və türkiyəli zabitlər təlim keçirdi.

Bakı 1905-ci ilə qədər - Telefon küçəsi. Foto: Dövlət arxivi

Müharibənin sonunda, 1918-ci ildə Britaniya qüvvələri dəniz yolu ilə Bakıya yollanmaq üçün Gilana gəldi. Bu dəfə Kiçik Xan onlarla razılıq əldə etdi. Kiçik Xan Gilan düyüsünün şimala və İranın digər bölgələrinə ixrac edilməsinin əleyhinə idi.

Çünki, o, öz nəzarətində saxladığı ərazidə aclığın başlaya biləcəyindən narahat idi. Eləcə də bu yolla, o, düyü və digər ərzaq məhsullarına möhtəkirlər tərəfindən qiymətlərin qaldırılmasının qarşısını almaq istəyirdi.

Belə ehtiyatlılığın səbəbi var idi. 1918-ci ildə aclıq hələ geniş yayılan bir hal sayılırdı. Bununla belə Kiçik xan düyünün şəkərə dəyişdirilməsinə etiraz etmirdi. Bu qida məhsulu İrana keçmiş Rusiya İmperiyasının digər bölgələrindən gətirilirdi və İranda ona böyük tələbat var idi.

Azərbaycan üçün isə daha asan iş kerosin təchizatını təşkil etmək idi. Lakin Gilandakı tacirlər onu almağa hazır deyildi. Ticari əməliyyatdan qazanc əldə etmək üçün onlar bu məhsulu İranın digər regionlarına satmalı idilər, lakin ölkənin daxili yolları, əsasən, bağlı idi və təhlükəsiz deyildi. Odur ki, Ənzəli limanında 1918-ci ildə təxminən 3 aylıq ehtiyat yığılıb qalmışdı.

1919-cu ildə iqtisadi əməkdaşlıq qarşısında duran siyasi əngəllər öz-özünə yox oldu, nəticədə, iqtisadi əməkdaşlığın güclənməsi üçün yol açıldı. Mart ayında İranın kazak qoşunları Britaniyanın havadan göstərdiyi dəstəklə Kiçik Xanın qüvvələrini məğlubiyyətə uğratdı. Mərkəzi hökümət Ənzəli və Gilan üzərində nəzarətini bərpa etdi.

Eyni zamanda İranın müstəqil Azərbaycana müxalifliyi də zəiflədi. Siyasi məsələləri çözmək üçün Aərbaycan və İran arasında 1919-cu ilin yanvar və fevral aylarında bir sıra görüşlər keçirilmişdi.

Paris sülh konfransına Bakıdan keçib gedən İranın xarici işlər naziri Azərbaycanda baş nazir və digər rəsmilərlə danışıqlar keçirdi. Həmin səfər çərçivəsində İran diplomatiyasının başçısı İstanbulda üç dəfə Topçubaşovla görüşüb.

1919-cu ilin baharında İranla Azərbaycan arasında artıq konsensus əldə edilmişdi.

Qoşa Qala Qapısı 1917-ci ilə qədər. Foto: Dövlət arxivi

Bakı Tehranı təkrar-təkrar olaraq əmin etmişdi ki, yeni respublikanın adı mövcud sərhədləri təftiş etmək məqsədini güdmür.

Respublikanın rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzetində yazılmışdı ki, "İranın müstəqil və məsud yaşaması bizə əlverişlidir. Dövlətimizin "Azərbaycan" adlandırdığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın haqqına təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq, bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır."

İran höküməti nəzərə alırdı ki, Azərbaycan faktoru İranı Rusiya ilə ümumi sərhədi bölüşmək ehtiyacından azad edirdi. İran Azərbaycanı yaranmaqda olan bufer zonası kimi görürdü, Rusiya isə bunun qarşısını almaq üçün zəif idi.

Bu vəziyyət gələcəkdə Rusiya yenidən güclənərdisə şimaldan müdaxilələrin qarşısını önləyə bilərdi. Azərbaycan nümayəndə heyəti may ayında Parisə gələndə hər iki ölkənin təmsilçiləri əməkdaşlıq edirdi. Onlar razılıq imzalayaraq birgə komissiya təşkil etdilər.