AŞPA hibrid müharibələri ilə bağlı qətnamə qəbul edib


Dünya 26 Apr 2018 22:18:00 213 0

AŞPA hibrid müharibələri ilə bağlı qətnamə qəbul edib

Dövlətlərin günü-gündən daha çox bu fenomenlə rastlaşmalarından narahatlıq ifadə olunur

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "hibrid müharibələrindən irəli gələn hüquqi problemlər və insan hüquqları sahəsindəki öhdəliklər" adlı qətnamə qəbul edib.

Son.az "Report"a istinadən bildirir ki, qətnamədə dövlətlərin günü-gündən daha artıq "hibrid müharibə" fenomeni ilə qarşılaşdıqlarından narahatlıq ifadə olunur.

Qeyd edilir ki, "hibrid müharibə" fenomeni hərbi və qeyri-hərbi vasitələrin birliyinə əsaslanan, xüsusilə kiberhücum, kütləvi dezinformasiya kampaniyaları, habelə yalan informasiyalar, belə informasiyaların sosial medialarda yayılması, kommunikasiyaya maneəçilik törədilməsi və digər şəbəkələr formasında özünü göstərən yeni təhlükə formasıdır.

Qətnamədə bildirilir ki, üzv dövlətlər hibrid müharibə təhlükəsi qarşısında milli təhlükəsizliyini qorumaq məqsədilə bir sıra insan hüquqlarını, habelə şəxsi və ailə həyatına hörmət hüququ, söz azadlığı hüququ, sərbəst toplaşma hüququ, sərbəst hərəkət etmək, həmçinin xaricilərin qovulması zamanı nəzərdə tutulan prosessual zəmanətlərə məhdudiyyətlər qoya bilərlər.

Sənəddə, həmçinin bildirilir ki, Assambleya hibrid rəqibini, hibrid müharibəsi təhlükəsi formalarını və bu zaman tətbiq olunacaq hüquq normalarını müəyyənləşdirmək məqsədilə üzv dövlətləri yaxından əməkdaşlıq etməyə çağırır.