Yaşlanmanı xəstəlik kimi müalicə etmək olarmı?


Digərləri 26 Apr 2018 21:33:00 257 0

Yaşlanmanı xəstəlik kimi müalicə etmək olarmı?

Biz həyatımıza təsir edən xəstəliklər barədə daha çox öyrəndikcə onlara nəzarəti də artıra bilirik. Bəs görəsən nə vaxtsa yaşlanmanın qarşısını almaq bizə nəsib olacaqmı?

İnsanın məğlub edə bildiyi xəstəliklərin siyahısı diqqət çəkir - poliomelit, yatalaq, qızılca, tetanus, qara qızdırma, çiçək xəstəliyi, difteriya və suçiçəyi dünyanın bir çox yerlərində demək olar ki, tamamilə aradan qalxıb.

Peyvənd və güclü dərmanlar bizim təhlükəli bakteriya, parazit və viruslara qarşı mübarizəmizə imkan yaradıb.

Lakin tarix boyu insanlar yaşlanmadan xilas ola bilmirlər. Yaşlandıqca bizim bədənimizdəki hüceyrələr fəaliyyətini dayandırır və bəzənsə xərçəngə, ürək xəstəliklərinə, artrit və Alzheimer xəstəliklərinə səbəb olacaq şəkildə inkişaf edirlər.

Ümumiyyətlə yaşlanma ilə bağlı xəstəliklər hər gün 100 000 ölümə səbəb olur.

Bəzi araşdırmalara görə isə bizim məsələyə yanaşmamız yanlışdır. Onların fikrincə biz yaşlanmaya xəstəlik kimi baxmalıyıq və onun müalicəsi mümkündür.

Yaşlanmanın qarşısını almaq mümkündürmü?

Onları ümidləndirən isə bioloji yaşlanmanın müalicə edilə biləcəyini iddia edən son tapıntılardır. Bioloji perspektivdən bədənimiz irsi və ətraf mühit faktorlarına uyğun olaraq fərqli şəkildə yaşlanır.

DNT və hüceyrələrimizdə əmələ gələn kiçik xətalar toxumaların zədələnməsinə səbəb ola bilirlər. Bu dəyişikliklərin ölçüsü isə sağlam və xəstə yaşlılığı şərtləndirir.

Dünyadakı bir sıra araşdırma mərkəzləri bioloji yaşlanmanın qarşısını almaq üçün müəyyən yollar tapıblar.

Heyvanlar üzərində tədqiqatlar göstərir ki, bəzi canlıların ömrünü dramatik şəkildə uzatmaq mümkündür. Bu isə insanları ümidləndirir.

Aubery De Grey yaşlanmanı əngəlləmək məqsədini qarşısına qoyub

Diabetdən müalicə üçün nəzərdə tutulmuş dərman olan metformin gəmiricilərin ömrünü uzatmağa qadirdir.

Hazırda Calico Labs araşdırma şirkətində yaşlanma araşdırmaları üzrə vitse prezident olan Cynthia Kenyon 1990-cı illərin əvvəllərində nümayiş etdirib ki, askarid qurdlarının genetik kodunda bir dəyişikliklə onların ömrünü üç həftədən altı həftəyə uzatmaq mümkündür.

Yaşlanma ilə bağlı radio verilişimizdə insan ömrünün araşdırılması üzrə tanınmış şəxslərdən biri olan Aubrey De Grey insan ömrünün də bu şəkildə uzadıla biləcəyini deyir.

O bildirir ki, onların məqsədi orta və daha yaşlı insanlar üçün elə müalicə yaratmaqdır ki, onlar fiziki və əqli cəhətdən 30 yaşdan az insanlar kimi olsunlar. "Əlbəttə ki, onların yaddaşını silmədən", o əlavə edir.

De Grey deyir ki, onlar "30 və 70 yaş arasında baş verən və istəmədiyimiz dəyişiklikləri düzəltməyə" çalışırlar.

O iddia edir ki, yaşlanma və yaşlanma ilə əlaqəli xəstəliklərə səbəb olan yeddi bioloji faktor mövcuddur.

Bura toxumadakı hüceyrələrin yetərincə tez yenilənə bilməməsi, hüceyrələrin xərçəngdə olduğu kimi nəzarətsiz çoxalması, ölməli olduğu halda hüceyrələrin ölməməsi (daha bir xərçəng problemi), mitoxondriya, hüceyrədə tullantıların yığılması, hüceyrələrin kənarında tullantıların yığılması və hüceyrələrin kənarındakı şəbəkə strukturun bərkiməsi daxildir.

De Grey və Sens Araşdırma Fondundakı komandası bildirir ki, onlar bu problemlərdən hər biri ilə mübarizə yollarını aşkar ediblər.

Birinci problemin, yəni çox az hüceyrəyə malik olmağın həlli hüceyrələrin müalicəsindən keçir, De Grey deyir.

Bu, toxumalarda yaşlanma zamanı ölmüş hüceyrələri yeni və gənc hüceyrələrlə əvəzləyir.

Digər problemlər isə, məsələn, ölməli olduğu halda hüceyrələrin ölməməsi üçün daha mürəkkəb həll yolu tələb olunur.

De Grey düşünmür ki, yaşlanmanın qarşısını bu yollarla tamamilə almaq mümkün olsun. Lakin beləcə xəstələrin ömrünü təxminən 30 il uzatmaq mümkün ola bilər.

Onun təsəvvür etdiyi gələcəkdə "cavanlaşma texnologiyaları" yaşlı insanlara tətbiq edilməklə onların hüceyrələrini gənclik illərində olduğu hala gətirmək mümkün olacaq.

Bütün ideya ondan ibarətdir ki, 60 yaşında müalicə olunan şəxs bioloji olaraq 30 yaşında insana çevriləcək.

Lakin müalicələr problemi daimi həll etmədiyi üçün hüceyrələr 30 ildən sonra yenidən 60 yaşına çatacaq.