Azərbaycanda Çernobıl əlilləri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunub


Digərləri 26 Apr 2018 21:37:00 272 0

Azərbaycanda Çernobıl əlilləri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunub

1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir.

Son.az Trend-ə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə qəbul edilən "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu həmin insanların, onların ailə üzvlərinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı qanunvericiliyin formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl əlillərinin də sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə, onlara yönələn dövlət qayğısının artırılmasına səbəb olub.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə Çernobıl əlilləri "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" əlil olanlar və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" əlil olanlar olmaqla iki kateqoriya üzrə müəyyən ediliblər.

"Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" əlil olan vətəndaşlar ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilməklə, Azərbaycan Prezidentinin müharibə əlilləri üçün nəzərdə tutulan təqaüdü onlara da şamil olunur. Dövlət başçısının 19 fevral 2018-ci il tarixli Sərəncamı ilə həmin təqaüdün məbləği növbəti dəfə artırılaraq, cari il martın 1-dən I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün isə 110 manatdan 121 manata çatdırılıb. Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu təbəqədən olan 200 nəfərə yaxın şəxsə mənzil, 160 nəfərə minik avtomobili verilib.