Azərbaycanda mühasiblərin dövlət reyestri yaradıla bilər


Digərləri 26 Apr 2018 20:00:00 247 0

Azərbaycanda mühasiblərin dövlət reyestri yaradıla bilər

Azərbaycanda peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu məsələ "Mühasibat uçotu" haqqında qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərdə bildirilir ki, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdır.

Peşəkar mühasib sertifikatının verilməsi məqsədilə imtahanların keçirilməsi və sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Beynəlxalq standartlar əsasında hazırlanmış Milli Mühasibat Uçotu Standartlarında beynəlxalq standartlarla tənzimlənən bütün məsələlərin öz əksini tapması tələbini nəzərə alaraq, mövcud paralelliyin aradan qaldırılması üçün qanun layihəsində Milli Mühasibat Uçotu Standartları barədə müddəaların ləğvi nəzərdə tutulub.