Beynəlxalq “İKT-də qızlar” günü qeyd olunub


Digərləri 26 Apr 2018 18:47:37 219 0

Beynəlxalq “İKT-də qızlar” günü qeyd olunub

Bütün dünya ictimaiyyəti aprelin sonuncu həftəsinin dördüncü gününü “İKT-də qızlar” günü kimi qeyd edir.

Bakı. Bütün dünya ictimaiyyəti aprelin sonuncu həftəsinin dördüncü gününü “İKT-də qızlar” günü kimi qeyd edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, "İKT-də qızlar" günü Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib. “Üfüqləri genişləndirək, yanaşmaları dəyişək” mövzusu ilə keçirilən bu beynəlxalq gün ənənəvi olaraq ölkəmizdə də geniş qeyd olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qadınların İKT sahəsində rolunun artırılmasına dəstək vermək məqsədilə bu gün bir sıra tədbirlər keçirib. Sözügedən tədbirlər çərçivəsində 26 aprel 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində və videokonfrans əlaqəsi vasitəsilə regionlardakı (Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ) təlim-tədris mərkəzləri ilə birgə tədbir təşkil olunub. Bakı və adıçəkilən regionlardakı təlim-tədris mərkəzlərində yuxarı sinifdə təhsil alan qız şagirdləri və informatika müəllimələri dinləyici kimi videokonfrans əlaqəsi ilə konfransa qoşulub. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, “Yüksək Texnologiyalar Parkı” MMC-nin, Məlumat Hesablama Mərkəzinin, “Femmes Digitales” və “WoWoman” qadın klublarının, “Abad” publik hüquqi şəxsin, “Qadınların İnkişafına və Maarifləndirilməsinə dəstək” İctimai Birliyinin nümayəndələri çıxış ediblər.