Ramil Usubov: Vətəndaşların şikayətlərinə biganə yanaşılmamalıdır FOTO


Digərləri 26 Apr 2018 18:32:00 298 0

Ramil Usubov: Vətəndaşların şikayətlərinə biganə yanaşılmamalıdır  FOTO

Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarsıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı geniş əməliyyat müşavirəsi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, nazirliyin baş idarə, idarə və şöbə, həmçinin paytaxtın, Sumqayıt şəhərinin və Abşeron rayonunun polis orqanlarının, təhsil müəssisələrinin rəislərinin, nizami hissə komandirlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il aprel ayının 11-də keçirilmiş seçkilərdə seçicilərin 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi bütün şəxsi heyət adından təbrik edib, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin yüksəldilməsi, hərtərəfli inkişafı, xalqımızın maddi rifahının daha da yaxşılaşdırılması yönündə ali dövlətçilik fəaliyyətində ona böyük uğurlar arzulayıb.

R.Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin andiçmə mərasimindəki nitqində ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi çatışmazlıqların mövcudluğunu xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Qarşıya qoyulan mühüm vəzifələrdən söz açan nazir bu sırada ölkədə vətəndaş məmnunluğunun təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. General-polkovnik R.Usubov bu tapşırığın icrası ilə bağlı polisin qanunla müəyyən edilmiş funksiyalarının hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini, əməkdaşların etik davranış qaydalarına əməl etmələrini, bu işə nəzarətin gücləndirilməsini, cəmiyyətdə polisin nüfuzunun yüksəldilməsi üzrə işlərin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Qeyd edilib ki, müasir texnologiyaların tətbiqi xidməti fəaliyyətdə başlıca vəzifələrdən biri kimi ardıcıllıqla həyata keçirilməli, vətəndaşların müraciətlərinə, şikayətlərinə ayrı-ayrı hallarda bəzi əməkdaşların biganə yanaşması, bu zaman təsadüf olunan korrupsiya hüquqpozmalarına yol verilməsi tam aradan qaldırılmalı, vətəndaşların qəbulu işinə xüsusi həssaslıqla yanaşılmalı, əvvəlcədən müəyyən olunmuş qrafikə ciddi riayət edilməlidir. Vətəndaşların haqlı narazılığına zəmin yaradan problemlər yerindəcə həllini tapmalı, qanunla qorunan hüquq və mənafeləri təmin edilməli, bu işin yerlərdə həyata keçirilməsinə ciddi nəzarət edilməlidir. Vətəndaş məmnunluğunun təmin edilməsi bütün struktur qurumlarda başlıca vəzifələrdən biri kimi rəhbər heyətin nəzarəti altında məqsədyönlü şəkildə davam etdirilməlidir.


Xəbərə aid fotolar