Baş Prokurorluq Hüseyn Abdullayevlə bağlı məlumat yaydı


Digərləri 26 Apr 2018 17:55:00 250 0

Baş Prokurorluq Hüseyn Abdullayevlə bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində "Araz İNC" MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərindən Son.az-a verilən birgə məlumata görə, İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol" xətti ilə beynəlxalq axtarış elan olunmuşdur.

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılmışdır.

Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilmişdir.

Cinayət işi üzrə H.Abdullayev özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilmiş və Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir.