"Unicapital" istiqrazların təkrar satışını həyata keçirəcək


Digərləri 26 Apr 2018 17:55:00 235 0

"Unicapital" istiqrazların təkrar satışını həyata keçirəcək

Unicapital METAK istiqrazlarının təkrar bazar və repo əməliyyatlarını həyata keçirəcək.

Bakı. Unicapital METAK istiqrazlarının təkrar bazar və repo əməliyyatlarını həyata keçirəcək. Bu haqda Trend-ə Unicapital İnvestisiya Şirkətinin baş meneceri Heydər İbrahimli bildirib: “Bakı Fond Birjasında “METAK” MMC-nin istiqrazlarının yerləşdirilməsi zamanı sifarişlər 8 investor tərəfindən təqdim edildi və istiqrazlar nominal qiymətlə tam həcmdə yerləşdirildi. İnvestorlar tərəfindən METAK istiqrazlarına tələbin əhəmiyyətli dərəcədə artması, istiqrazların təkrar bazar və repo əməliyyatlarına da marağın yüksək olacağını deməyə əsas verir. Bu əməliyyatlar istiqrazların yerləşdirmə üzrə anderrayteri Unicapital İnvestisiya Şirkəti ASC tərəfindən həyata keçiriləcək. İnvestorlar tərəfindən istiqrazlara tələbatın yüksək olmasının əsas səbəblərindən biri də istiqrazların likvid və şərtlərin münasib olmasıdır. Unibank və METAK-ın təminatçı olduğu və yerli fond bazarında yüksək gəlirlik ilə təklif edilən istiqrazlar investorlar üçün əlverişli investisiya aləti hesab edilir”. Qeyd olunanlarla yanaşı, istiqrazlara olan tələbin artması, qiymətli kağızlar bazarına olan inamın da göstəricisidir. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən qiymətli kağızlar bazarının inkişafına dair aparılan siyasətin və bazarın infrastrukturunun təkmilləşdirilməsinin nəticəsi olaraq, emitent və investorlar MBNP-yə və investisiya şirkətlərinə sərbəst şəkildə müraciət edib məlumatlandırıla bilər. Bu da öz növbəsində, qiymətli kağızların MBNP-da qeydiyyat və daha sonra Bakı Fond Birjasında yerləşdirmə proseslərinin anlayışını əhəmiyyətli dərəcədə asanlaşdırır.