Müəllimlər üçün müsahibələrin nəticələri gələn həftə məlum olacaq


Digərləri 26 Apr 2018 14:53:00 244 0

Müəllimlər üçün müsahibələrin nəticələri gələn həftə məlum olacaq

2017-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı mərhələsində müvafiq keçid balı toplayan, lakin vakant yerə qəbul ola bilməyən müəllimlərin işə qəbulu üçün keçirilən müsahibələrin nəticələri gələn həftənin əvvəlində açıqlanacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, 2017-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı mərhələsində müvafiq keçid balı toplayan, lakin vakant yerə qəbul ola bilməyən müəllimlər bu tədris ili ərzində yeni yaranan vakant yerlərə, yaxud müsabiqədə tutulmayan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə cəlb olunurlar.

Ölkə üzrə belə müəllimlərin sayının 2 mindən çox olduğunu deyən nazirlik rəsmisi deyib ki, belə müəllimlərin işə qəbulu prosesinin mərkəzləşmiş qaydada həyata keçirilməsi məqsədilə onların proqram təminatı vasitəsilə elektron qeydiyyatın aparılması və müraciət edən müəllimlərin daimi əsaslarla işə qəbulu məsələsinə baxılması qərara alınıb .