Bacısına görə, dostunu amansızcasına öldürdü: “Dedim, ölürsən, kəlimeyişəhadətini söylə”


Digərləri 26 Apr 2018 12:36:00 260 0

Bacısına görə, dostunu amansızcasına öldürdü: “Dedim, ölürsən, kəlimeyişəhadətini söylə”

Bakı Ağır Cinayətlər Məhkəməsində Amal Zülfüqarovun (1995-ci il təvəllüdlü) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Son.az oxu.az-a stinadən xəbər verir ki, qətl ötən il avqustun 14-də Qobustan qəsəbəsində yerləşən kafedə baş verib.

Dava zamanı Qismət Məmmədli bıçaqlanaraq öldürülüb, daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Cinayətin Amal Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o, Qaradağ RPİ 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama əsasən, avqustun əvvəllərində Nabranda "Atlant" istirahət mərkəzində olarkən Amal Qismətin ona baxmasına iradını bildirib, buna görə aralarında mübahisə yaranıb.

Daha sonra Zülfüqarov dostunun, xaricdə yaşayan bacısı ilə telefonla danışmasından şübhələnib və bundan hiddətlənərək, onu qəsdən öldürmək qərarına gəlib.

Qobustanda, kafedə yığışıb, domino oynayarkən Amal Qismətə arxadan yaxınlaşıb, əvvəl boynundan bıçaqla zərbə endirib, sonuncu ona tərəf dönəndə sinəsindən xəsarətlər yetirib. Yanlarında olan Tələt və Haldun kəsici aləti əlindən almaq istəsələr də, o bıçaqla onları da vurub. Sonra, xırıldayan Məmmədlini boğaraq, qətlə yetirib.