Azərbaycan və Türkiyənin milli təhlükəsizliyinin yeni strateji əsasları yaradılır


Siyasət 26 Apr 2018 12:15:00 291 0

Azərbaycan və Türkiyənin milli təhlükəsizliyinin yeni strateji əsasları yaradılır

"Prezident İlham Əliyevin seçkilərdən sonra ilk səfərini qardaş Türkiyə Cumhuriyyətinə etməsi iki ölkə arasında strateji müttəfiqliyin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur. Prezident iki ölkə arasındakı münasibətləri xarakterizə edərkən bildirdi ki, bizi birləşdirən qədim tarix və yeni tarix var. Tərəddüdsüz olaraq qeyd edə bilərik ki, əgər bu tarixin qədim dövrünü əcdadlarımız, müstəqilliyimizin ilk illərində böyük dövlət xadimi Heydər Əliyev qurubsa, ən yeni siyasi tariximizdə Türkiyə-Azərbaycan münasibətlərinin yeni keyfiyyətdə qurucusu məhz İlham Əliyevdir. Çünki bu münasibətlər xalqlarımızın milli maraqlarına və ortaq mənfəətlərimizə əsaslanır".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin üzvü, YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu cənab İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsindən sonra ilk xarici səfərini Türkiyəyə etməsini şərh edərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, hazırki mürəkkəb beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətləri regionda müvazinət yaradıcı faktor kimi çıxış edir, işğalçı Ermənistan istisna olmaqla regionun bütün digər ölkələri üçün mühüm əməkdaşlıq platforması yaradır: "Ona görə də iki ölkənin qarşılıqlı münasibətləri təkcə ikitərəfli münasibətlər kimi deyil, bütövlükdə regionin gələcəyi üçün olduqca faydalı perespektivlər yaradan münasibətlər kimi nəzərdən keçirilməlidir. Azərbayanın təşəbbüsü ilə həyata keçirilən BTC, BTƏ, BTQ kimi böyük iqtisadi tutuma və ciddi strateji çəkiyə sahib olan layihələr Türkiyəni mühüm infrastruktur dəhlizi halına gətirib. Qardaş ölkə bu mühüm enerji və nəqliyyat layihələrindən bəhrələnməklə həm tranzit məkanına çevrilib, həm də bu layihələrdə pay sahibi olub. Hazırda isə 40 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsinin üçüncü seqmentinin inşasına ev sahibliyi etməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçıya çevrilib. Türkiyədə bütün bunlar yüksək qoymətləndirilir. Bundan başqa Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyardlıq yatırım, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyardlıq sərmayə qoyub. Bu dost və qardaş ölkə Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük ticarı-iqtisadi tərəfdaşıdır".

Bu səfər münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq H.Babaoğlu qeyd edib ki, əldə edilən bu mühüm nailiyyətlər yeni perespektivlər yaradır: "Bütün bu məsələlər daha sıx əməkdaşlığı və daha dərin inteqrasiyanı şərtləndirir. Ona görə də iki ölkə arasında keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclasında bütün bu məsələlər ətraflı müzakirə edildi. Xeyli sayda müqavilələr imzalandı. Diqqət etsək, bu müqavilələr sosial-iqtisadi sahədən başlamış elmi-mədəni, hətta hərbi strateji sahəyə qədər olduqca geniş sektorları əhatə edir. Prezident İlham Əliyev qeyd etdi ki, Türkiyə hazırda dünya gücüdür, onun çox inkişaf etmiş müdafiyə sənayesi var. Ona görə də iki ölkə arasında hərbi əmkdaşlıq və müdafiə sənayesi məhsullarının əldə edilməsilə də bağlı müqavilələr imzalandı və bunlar Azərbaycanın hərbi- siyasi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir".

Politoloqun fikrincə, bütün bunlarla yanaşı, iki qardaş ölkənin birgə təhlükəsizlik məsələlərinə də xüsusi önəm verməsi bütün region üçün böyük əhəmiyyət kəsb edir: "Azərbaycan və Türkiyə öz təhlükəsizliklərini təmin etmək üçün terrorizmə qarşı da birgə mübarizə aparırlar. Bu mövzuda danışan Prezident İlham Əliyev bildiirdi ki, Türkiyənin uğurla həyata keçirdiyi "Zeytun dalı" antiterror əməliyyatl həm də bizim məsələ idi. Doğurdan da, əgər bu əməliyyat nəticəsində çoxsaylı terroristlər zərərsizləşdirilməsəydi, əlbəttə ki, bir müddət sonra terrorist Ermənistan vasitəsilə ölkəmizdə də terror aksiyaları həyata keçirə bilmə ehtimalları istisan deyildi. Ayrıca, Türkiyə Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycana ən çox dəstək verən ölkədir və bu məsələdə daima səmimi şəkildə ölkəmizin yanında, beynəlxalq hüququn tərəfində olub. Bütün bunlar və buna bənzər çoxsaylı strateji məsələlər iki ölkənin təhlükəsizliyini birlikdə təmin etməsi zərurətini yaradır. Elə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan da  bunu edərək 21-ci əsrdə milli təhlükəsizliyimizin yeni strateji əsaslarını yaradırlar. Bu isə təkcə iki ölkənin təhlükəsizliyi deyil, regionda mövcud olan bütün sülhsevər dövlədlərin əməkdaşlığı və təhlükəsizliyi deməkdir".

İlkin İzzət Son.az