İdman edərkən nələri diqqətdə saxlamalıyıq?


Digərləri 25 Apr 2018 21:48:00 283 0

İdman edərkən nələri diqqətdə saxlamalıyıq?

Nicat İbrahimxəlilov: "Bilmədən edilən məşqlər zədələnmələrə, əzələ dartınmalarına, yırtığına gətirib çıxarar, sümük ağrılarına səbəb ola bilər" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Qış aylarında yığdığımız çəkidən xilas olmaq üçün ilk ağlımıza gələn çıxış yolu dieta və idmandır. Bir çoxları məşq etmək üçün idman zallarına gedir. Amma bir məsələ də var ki, bu zallara gedən əksər insanlar məşq qaydalarına tam bələd olmadan idman hərəkətləri edir. Mütəxəssislər isə bildirirlər ki, düzgün formada edilməyən idman hərəkətləri bədənə zərər vura bilər. Bu dəfə idman zallarının qanun-qaydaları, məşqlərin hansı ardıcıllıqla edilməsi və bu məşqlərin faydaları haqqında fitnes-məşqçi Nicat İbrahimxəlilovla həmsöhbət olduq.

Müsahibimiz deyir ki, idman zalına gedərkən əməl etməli olduğumuz qaydalar var: "Yaxşı olar ki, bu qaydalara bütün zallarda riayət olunsun. Amma təəssüf ki, bu qaydalara nə zala gələnlər, nə də orada işləyənlər əməl etmir. Müşahidələrimə əsasən deyə bilərəm ki, insanların etdiyi ən böyük yanlışlıq idman zalına düzgün geyimdə gəlməməkdir. Belə ki, bəzən kişilər məşqə idman deyil, yüngül rezin ayaqqabıda gəlirlər. Bəzi idman hərəkətləri var ki, orada ayaq dayaq funksiyasını yerinə yetirir. Ona görə ayaq geyiminə xüsusi fikir vermək lazımdır. Ayaq geyimi düzgün olmadıqda, məşq zamanı büdrəmə və ilişmə halları ola bilər. Bu da zədələnməyə gətirib çıxardır. Düşünürəm ki, heç olmasa, zallarda bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Digər bir yanlışlıq isə idman zamanı məşqçilərin məsləhətinə qulaq asmamaqdır. Zala təzə gələnlər birmənalı şəkildə məşqçinin nəzarəti altında idman etməlidirlər. Bəzən deyirlər ki, mənə məşqçi lazım deyil, özüm sərbəst məşq edəcəyəm, hər şeyi internetdən öyrənmişəm. Amma bilmirlər ki, internetdə olanlar peşəkar idmançıların sadəcə reklam üçün qoyduqları qısametrajlı videolardır. Bilmədən edilən məşqlər zədələnmələrə, əzələ dartınmalarına, yırtığına gətirib çıxarar, sümük ağrılarına səbəb ola bilər. Ona görə də məşqçinin nəzarəti altında idman etmək daha məqsədəuyğundur".

Müsahibimiz deyir ki, yanlış edilən hərəkətlər idman həyatının başlamamış bitməsinə səbəb ola bilər: "Məşqçi ilə məşq etmək, bir az baha başa gəlir deyə, bundan imtina edirlər. Əslində isə zalda istənilən məşqçiyə yaxınlaşıb məsləhət almaq mümkündür. Bundan əlavə, təzə başlayanlara, xüsusilə də, tələbələrə məsləhətim odur ki, dərhal ağır hərəkətlərə yaxın durmasınlar. Çünki ilk dəfə gələn zaman zala baxıb görürlər ki, kimsə ağır təmrinlər yerinə yetirir. O da fikirləşir ki, yəqin mən də bunun yarısını bacararam və 80-100 kiloluq daşları qaldırmağa cəhd edir. Girir ağır çəkinin altına, özünü zədələyir. Bununla da başlamamış idman həyatı bitir. Halbuki, heç 50 kilo da qaldıra bilməz. İlkin olaraq daha az kilolardan, yüngül məşqlərdən başlamaq lazımdır".


Xəbərə aid foto