Əməkdar artist: "Onun bu sözlərindən sonra kövrəldim" FOTO


Kriminal 25 Apr 2018 21:09:00 297 0

Əməkdar artist: "Onun bu sözlərindən sonra kövrəldim"  FOTO

Əməkdar artist Natiq Şirinovun Son.az-a müsahibəsi.

- Natiq bəy, bildiyim qədərilə aşıq nəslindənsiniz.

- Bəli, babalarım İdris, Şirin 1847-ci ilin aşıqlarından olublar. Dədə Şəmşir isə nənəmin əmisi oğludur.

- Ritmin sehrinə necə düşdünüz?

- Ailəmizin bütün üzvləri ali təhsilli olub, atam istəyirdi ki, mən də oxuyum. İllər sonra  mənim haqqımda televiziyalardan birində veriliş hazırlananda o dedi ki, fəxr edirəm ki, Natiqin atasıyam. Mən onun bu sözlərindən sonra təbii ki, kövrəldim.

- Övladınız sizin yolunuzu davam etdirir. O da sizin kimi təhsil almayacaq?

- Oğlum Azərbaycanda və Ankarada İncəsənət universitetinə qəbul olunub. O ritmi çox gözəl bilir. Mən qərar verdim ki, sən Azərbaycanda oxu, sonra xaricdə oxuyarsan. Çünki onun fikri var ki, Amerikada, Hindistanda oxusun. Qızım isə Bakı Dövlət Universitetində təhsil alır. Onların təhsili ilə məşğul olduğuna görə yenə də həyat yoldaşıma təşəkkür edirəm.

- Dünyanın bir çox ölkələrində konsert vermisiniz. Müsahibələrinizin birində bildirmisiz ki, dünyanın ən kaprizli dinləyicisi azərbaycanlılardır. Bu sözünüzü necə əsaslandırarsınız?

- Ona görə yox ki, azərbaycanlılar ritmi əla bilir, mən onların qarşısında ritmi vursam, onlara çətin olacaq. Xeyr, bu yalnız söz ola bilər. Mən heç vaxt xalqın arxasınca qaçmadım, xalqı arxamca gətirdim. Çünki xalq konservatoriya oxumayıb, xalq ritm elmini bilə bilməz. Onları biz qınaya da bilmərik. Bizi gələcək nəsil qınaya bilər ki, axı siz bilirdiniz, niyə düzgün şəkildə insanları öyrətmədiz? Çünki mən dünyanın bir çox ölkələrinin zərb alətlərinin dərsini almışam. Mən bu məktəbləri oxuduqca gördüm ki, Azərbaycan ritmləri çox geridədir. 2000-2001-ci ildə deyəndə ki, Azərbaycanda neçə ritmi var, biri deyirdi 3, biri deyirdi ki, 4. Hətta məktəblər özü də bu vəziyyətdə idi. Mən araşdırdım ki, Azərbaycanın 17 ritmi var. Onun ikisi kənardan gəlmədir. Mən isə 1056 dənə ritm yazmışam.10 ildir ki, yazıram, bu yaxınlarda kitab halında nəşr olunacaq. Toy çalmaqla sən sənətkar ola bilməzsən.


Xəbərə aid fotolar