Özünü "lider" adlandıran baş nazir: istefa verdi və xalq sevindi


Dünya 25 Apr 2018 18:42:00 232 0

Özünü "lider" adlandıran baş nazir: istefa verdi və xalq sevindi

Ermənistanda bir neçə gündür davam edən etirazlar özünün yeni mərhələsinə qədəm qoyub. Müxaliflərə rəhbərlik edən Nikol Paşinyan tədricən tələblərini dilə gətirib. O, başlıca olaraq parlament tərəfindən baş nazir seçilən Serj Sarkisyanın istefasını tələb edirdi.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, hətta S.Sarkisyanı dialoqa gedə bilməyəcəyi yeganə adam adlandırırdı. Lakin İrəvan otellərinin birində N.Paşinyanla S.Sarkisyanın bir neçə dəqiqəlik "dialoqu" baş tutub. Nəticəsi olmayan söz mübahisəsindən sonra görüş yerini S.Sarkisyan tərk edib. Ondan əvvəl N.Paşinyan meydanda prezident Armen Sarkisyanla görüşmüşdü. Prezident söhbətdən sonra konkret bir şey deyə bilməyib, qeyri-müəyyən ifadələr işlətmişdi. Ekspertlər hesab edirlər ki, vəziyyət çox gərgin səviyyəyə çatıb. S.Sarkisyan isə özünü lider adlandıraraq dövlət üçün işləməli olduğunu deyirdi. Xüsusilə Qarabağ məsələsini "layiqli həll etməli" olduğundan dəm vururdu. Yalnız bundan sonra "lider başqa işlə məşğul ola bilər"miş. Bu gülünc xülyaların fonunda S.Sarkisyanın istefası və Ermənistanda siyasi proseslərin daxili məntiqi və onun region üçün mümkün nəticələri üzərində bir qədər geniş dayanmaq zərurəti özünü göstərməkdədir.

İki haqsız: kim daha çox "haqlıdır"?

Bir sıra dairələrin "azad ölkə" adlandırdığı Ermənistanda iğtişaşlar yeni səviyyəyə yüksəlib. Vətəndaşların ən adi hüquqlarının təmin olunmadığı bir məmləkətdə proseslərin gedişatı göstərir ki, demokratiya və insan haqları deyilən faktorlardan əsər-əlamət yoxdur. Bir tərəfdə radikal davranışlar edən etirazçı qrup, o biri tərəfdə isə hakimiyyətdən iki əllə yapışmış Serj Sarkisyan. Hər iki tərəf də özünü haqlı sayırdı. Ancaq sonradan S.Sarkisyan "mən haqsızam, Nikol Paşinyan haqlıdır" dedi. Bu ibarələrin arxasında hansı məqamlar dayanır?

Aydındır ki, siyasətçinin hansının haqlı olmasından asılı olmayaraq meydana çıxan gərginliklərdən sadə insanlar zərər görürlər. Rusiya KİV-lərinin yaydığı informasiyaya görə, İrəvanda keçirilən aksiyada iştirak edənlərdən 300 nəfər həbs edilmişdi, sonradan hamısını azadlığa buraxdılar. Polis etirazçıların parlamentə daxil olmasına imkan verməmişdi, sərt güc tətbiqi ilə nümayişçilər uzaqlaşdırılmışdı.

Etirazçıların liderləri Nikol Paşinyanın ABŞ-da fəaliyyət göstərən bir musiqi qrupunun erməni rəhbərinə müraciəti də yadda qaldı. Musiqiçi videomüraciətdə bildirib ki, islahatlar paketi təqdim edin və ətraf mühitin təmizliyi uğrunda mübarizə aparın. Bununla yanaşı, o da S.Sarkisyana "artıq bəsdir" mesajını göndərmişdi.

Bütövlükdə N.Paşinyanın tələbləri belə idi: baş nazirin istefası, parlamentin xalqdan olan namizədi seçməsi ("xalq" deyəndə nə nəzərdə tutulur bilinmir, çünki siyasi diferensiasiyanın mövcud olduğu bir cəmiyyətdə siyasi səhnədə xalq olmur), müvəqqəti hökumətin formalaşdırılması, hökumətin qəbul etdiyi proqramın rədd edilməsi, növbədənkənar parlament seçkisinin keçirilməsi, bunlardan başqa, seçki məcəlləsinə və partiyalar haqqında qanuna dəyişiklik edilməsi (bax: Президент Армении провел встречу с лидером оппозиции / РИА Новости, 21 aprel 2018).

Bu şərtlərdən görünür ki, etirazçılar ölkədə demokratiyanın olmadığına qəti əmindirlər. Çünki tələblərdə həm seçki mexanizminə, həm seçki qanununa, həm hökumətin fəaliyyətinə, həm də parlamentin qəbul etdiyi qərarlara iradlar vardır. N.Paşinyan faktiki olaraq bütün seçki prosedurunun və hakimiyyəti formalaşdırma mexanizminin yenilənməsində israrlıdır. Bəs onda illərdir ki, S.Sarkisyanın seçkilərini "azad ölkə", "Cənubi Qafqazda demokratiyanın gözləndiyi ölkə", "insan haqlarının əməl olunduğu ölkə" kimi epitetlərlə qiymətləndirərək qulaqları deşən beynəlxalq ekspertlər hansı məqsədlə ağ yalan danışırlarmış?

Əslində məqsədləri bilinir. Onlar dini təəssübkeşlik və islamofobiya xəstəsidirlər. Əsrlərdir ki, erməni terrorunu müxtəlif bəhanələrlə dəstəkləyənlər indi yeni yalanlar uydurmaqdadırlar. Lakin bu dəfə bir qədər fərqli situasiya yaranıb. Məsələ ondan ibarətdir ki, erməniləri qonşu ölkələrin dövlətçiliyini zəiflətməyə istiqamətləndirmək bir şeydir, artıq əsrlərdir etirazçı, böhtançı, iftiraçı ruhunda yetişdirilmiş bir toplumun müstəqil dövlət qurmasını təmin etmək başqa şeydir. Ermənilər artıq etirazdan, radikallıqdan və separatçılıqdan başqa bir şey bacarmırlar. Bu keyfiyyətlərlə isə dövlət qurmaq mümkün deyildir. Onların siyasi və mənəvi şüuru kökündən yanlış meyarlar üzərində qurulub.

Siyasi-ideoloji iflas: Ermənistan cəmiyyəti yeni qeyri-müəyyənlik yolunda

Nə isə, bu gün Ermənistanda müşahidə edilən proseslərin daxili məntiqinə qayıtsaq, görürük ki, iki tərəf bir-birinə qarşı düşməncəsinə mövqe tutub. Baxmayaraq ki, Nikol Paşinyan "kimsəyə düşmən münasibət göstərmirik" kimi fikirlər işlədir, ekspertlər Qarabağ klanına qarşı total hücumların ola biləcəyini vurğulayırlar. Bu da artıq monoetnik dövlətin siyasi məqamlar üzrə parçalanması əlamətidir. Bəzilərinin bütöv erməni cəmiyyəti kimi xülyaları puç olub gedib. Siyasi barrikadaların əks tərəfində duran qüvvələr bir-birini didməyə hazırdırlar. Onları Qarabağ məsələsi də ortaq mövqeyə gətirə bilmir. Deməli, illərdir ki, süni surətdə sadə ermənilərin psixologiyasına yeridilən bu qondarma məsələ ilə bağlı da müəyyən dəyişikliklər baş verməkdədir. Bir sıra etirazçılar "Azərbaycan torpaqlarında nə işimiz var" kimi fikir bildirməkdən çəkinmirlər.

Bəs Serj Sarkisyan bütün bunlara sözdə necə reaksiya verib? Gülüncdür! Birincisi, S.Sarkisyan istefa vermək fikrində olmadığını dəfələrlə dolayı da olsa bəyan edib. O, hakimiyyətdə qalmaqda israrlı olduğunu konstitusiyada dəyişiklik edib, parlament üsul-idarəsinə keçəndə gizli olaraq ifadə etmişdi. Belə ki, sözdə deyirdi ki, baş nazirliyə iddia etməyəcək. Ancaq komandasının üzvləri daim onun Ermənistanı idarə edə biləcək yeganə namizəd kimi təbliğ edirdilər.

Burada qeyri-adi bir şey yoxdur, çünki onun arxasında Ermənistan miqyasında böyük sayıla biləcək siyasi qruplaşma durur. Bu qruplaşmanın öz iqtisadi, maliyyə, energetik və hərbi dayaqları vardır. Korporativ maraqları sərt şəkildə müdafiə edirlər. Həmin qrup heç zaman müxalif qüvvənin tələbi ilə bu maraqlardan imtina edə bilməz - dərhal məhv edərlər!

Bunlar onu göstərir ki, küçədən S.Sarkisyanın istefasını tələb etmək aysberqin görünən tərəfidir. Əsas məqam ondan ibarətdir ki, Ermənistanda mürəkkəb korrupsiya sistemi yaratmış və siyasiləşmiş qruplar havadarlarının əmri ilə daxildə savaşa başlayıblar. Onların bir qrupunun arxasında Qərb, digərinin arxasında isə Rusiya dayanır. Təbii ki, belə şəraitdə nə xalqın iradəsindən, nə də müstəqil dövlət qurmaq istəyindən söhbət gedə bilməz. Tərəflər kimin daha çox hakimiyyət və geosiyasi nüfuz əldə etməsi üçün savaşırlar. İndiki mərhələdə S.Sarkisyan qruplaşması geri çəkildi, ancaq bu, savaşın sonudurmu? Ekspertlər bu suala müsbət cavab verməkdə çətinlik çəkirlər. Çox şey S.Sarkisyanın təmsil etdiyi klana olacaq münasibətdən asılıdır.

Bu prosesdə maraqlı olan bir ideoloji cəhət də var. Biz, daşnakların S.Sarkisyanla bir cəbhədə olmasını nəzərdə tuturuq. Belə çıxır ki, etirazçılar bilərəkdən, yaxud bilməyərəkdən milliyyətçilikləri ilə daim seçilən daşnaklara qarşı da çıxış edirlər. Bu, bütövlükdə Ermənistanda siyasi-ideoloji şüurda dəyişikliyin baş verməsi anlamına gəlirmi? Bunu proseslərin gedişatı göstərəcək. Hər bir halda, ermənilərə görə, daşnaklar da satqın Sarkisyanla bir sırada dayanmaqdadırlar.

İkincisi, nə qədər gülməli də olsa, S.Sarkisyan özünü "lider" adlandırıb. Bu keyfiyyətdə Ermənistanın təhlükəsiz inkişafına və "Dağlıq Qarabağ məsələsinin layiqli həllinə nail olmadan" vəzifədən getmək fikrində olmadığını bəyan edib (bax: Серж Саргсян назвал условия отставки / РИА Новости, 22 aprel 2018). Ancaq bu qədər gurultulu sözlərdən sonra "mən səhv etmişəm", deyib. Belə çıxır ki, S.Sarkisyan hər kəlməsində saxta və yalançıdır. O, hər an mövqeyini dəyişə bilər.

Ekspertlər də S.Sarkisyanın özünü "lider" adlandırması məqamı üzərində dayanırlar və bunu real saymadıqlarını vurğulayırlar. Digər tərəfdən isə etirazçılar məhz S.Sarkisyanın liderlik keyfiyyətinin olmamasına görə küçələrə axışmışdılar. Onlar Ermənistanı naşı adamların idarə etdiyini bəyan edirlər. Bildirirlər ki, həmin naşıların başında S.Sarkisyan dayanır. Belə çıxır ki, S.Sarkisyanla müxalifət arasında siyasi liderlik anlayışında ciddi fərqlər vardır. Və bu fərqlərin aradan qaldırılma ehtimalı minimumdur, çünki yanaşma meyarları tamamilə əks-qütblərdədir. Nəticə də bunu təsdiq etdi.

Normallaşma, yoxsa yeni səviyyədə gərginlik: ekspertlər sonuncuya üstünlük verirlər