Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycan dünyada birbirinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir"


Siyasət 25 Apr 2018 15:57:00 211 0

Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycan dünyada birbirinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir"

"Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əziz qardaşım. Hörmətli cənab Prezident. Hörmətli xanımlar və cənablar. İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.

Sizin qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk səfərim qardaş ölkəyə edilən səfərdir. Bu təbiidir. Sizin də qeyd etdiyiniz kimi, bu bir ənənədir və bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir. Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olub. Bir həftə bundan əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim və biz əziz qardaşımla görüşlərə başladıq, bu gün də davam etdik".

İlham Əliyevin sözlərinə görə, bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı, dostluğu möhkəmdir və çox böyük gələcəyi var.