Bakıda yüksək rütbəli polis zabitlərini öldürmək istəyən dəstənin məhkəməsi başladı


Digərləri 25 Apr 2018 12:13:00 170 0

Bakıda yüksək rütbəli polis zabitlərini öldürmək istəyən dəstənin məhkəməsi başladı

Bu gün Bakı Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda yüksək rütbəli polis zabitlərini öldürməyə cəhddə təqsirləndirilən Kazım Abbasov, Məhəmməd İsmayılov, Emil Həsənov və Ramal Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bu gün Bakı Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda yüksək rütbəli polis zabitlərini öldürməyə cəhddə təqsirləndirilən Kazım Abbasov, Məhəmməd İsmayılov, Emil Həsənov və Ramal Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası mayın 2-nə təyin edilib. Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun yaydığı məlumata görə, ötən il oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi, 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib, ictimai qaydanı kobud surətdə pozaraq, sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər. Həmin fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Lexus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.