Autizmli uşaqlar podiumda moda nümayiş etdirəcəklər


Digərləri 25 Apr 2018 10:50:00 220 0

Autizmli uşaqlar podiumda moda nümayiş etdirəcəklər

YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olacaq.

Bakı. Aprelin 30-da saat 18:30-da YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olacaq. Trend-in məlumatına görə, "Autizm – Fərqli və Bizdən Biri" adlı tədbir “Birgə və Sağlam" İctimai Birliyinin və "Ümid var" xeyriyyə cəmiyyətinin təşkilatçılığı, "AS Qrup İnvestment" şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunur. Hər zaman böyük qayğıya ehtiyacı olan autizmli uşaqlar yaz-yay kolleksiyasından geyimlər təqdim edəcəklər. Kolleksiyanı podiumda "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzindən 20 uşaq nümayiş etdirəcək. Aprel ayı Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 2007-ci ildən etibarən Ümumdünya Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir. Bu səbəbdən də tədbir boyu qonaqların "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da tədbir mühüm əhəmiyyət kəsb edir.