ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışılıb


Digərləri 25 Apr 2018 09:52:00 239 0

ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışılıb

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

Bakı. ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibə zamanı aparıcı səfir Süleymanovdan 25 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərlə bağlı xatiriələrini bölüşməyi xahiş edib. O, səfir Süleymanovun gənc yaşlarında ailəsi ilə birlikdə Kəlbəcərdə zaman keçirməsini xatırladaraq, Kəlbəcər, onun təbiəti barədə fikirlərini sorğu edib. Səfir Süleymanov atasının geoloq olduğunu, mineral yataqlarının kəşf edilməsi məqsədilə Kəlbəcərə səfər etdiyini və onun da atası ilə birlikdə Kəlbəcərdə zaman keçirdiyini bildirib, Kəlbəcərin olduqca gözəl bir yer olduğu, burdakı dağların, kanyonların dünyanın ən gözəl təbiət mənzərələrindən biri olduğunu diqqətə çatdırıb. O, bu gözəl rayonun hazırda Ermənistanın işğalı altında olduğunu, etnik təmizləməyə məruz qaldığını və burada yaşayan əhalinin məcburən tərk edilməyə məruz qaldığını bildirib. Aparıcı həmin dövrdə Kəlbəcərdəki həyat şəraiti, oradakı evlər, əhalinin yaşayışı barədə sual verib. Səfir Süleymanov əsasən kənd təsərrüfatının inkişaf etdiyi bu ərazinin öz originallığı ilə yadda qaldığını bildirib, burada tikilən evlərin daşdan, əsasən çay daşından olması, rayonun ümumilikdə çox yaşıl, o cümlədən dağlıq ərazi olmasını diqqətə çatdırıb, Kəlbəcərdən keçən Tərtərçay və onun ətrafındakı kanyonun füsunkar olmasını vurğulayıb. Səfir bu ərazinin həm də olduqca zəngin təbii sərvətlərə malik olmasını diqqətə çatdırıb, Kəlbəcərdə qızıl, mis yataqlarının olmasını vurğulayıb, gənc yaşlarında gördüyü qızıl mədənlərinin hazırda Ermənistan tərəfindən qeyri-qanuni şəkildə istismar edildiyini təəssüf hissi ilə qeyd edir. Daha sonra aparıcı Kəlbəcərdə yaşayan əhalinin aqibəti ilə maraqlanır, onların harada və necə olmalarını sorğu edib. E.Süleymanov Kəlbəcərdə yaşayan əhalinin həmin ərazidən çıxarıldığını, onların hazırda Kəlbəcər dağlarının digər tərəfində salınmış qaçqın düşərgələrində yaşadığını qeyd edib. Bu xüsusda səfir Amerika yazıçısı Tomaz Qoltzun çəkdiyi Kəlbəcərdən çıxmaq məcburiyyətində qalan əhali ilə dolmuş mülki helikopterin fotosunu xatırladıb, bir sıra insanların isə qarlı, soyuq hava şəraitində Murov dağına qaçmağa məcbur olması və onların bir çoxunun ölümlə üzləşməsini ağrı ilə bildirib, bu hadisənin faciəvi, lakin xalqın qəhrəmanlıq tarixi olmasını qeyd edib. Səfir UNHCR-da (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) işlədiyi dövrdə bu insanların bəziləri ilə təmasda olduğunu, onların çox ağır hekayələrinin olduğunu diqqətə çatdırır.