"Tələbə vaxtı gecələri işləmişəm"


Kriminal 25 Apr 2018 04:30:00 298 0

"Tələbə vaxtı gecələri işləmişəm"

Azad Şükürov: "Dedi ki, qadam, gopa basma, çıx səhnəyə" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ötən illərinin hər bir dövrünü gözəl anlarıyla xatırlayır, danışanda da xoş olanları ilə yada salır. Uşaqlıq, tələbəlik, hərbi xidmət və iş həyatı... Bəs heçmi çətinlik görməyib? Deyir ki, çətinlikləri də olub, çox əziyyətli yollardan keçib. Amma bu gün onlara köklənmir, əsas olan o çətinliklərin həll olunması, artıq arxada qalmasıdır. Nə qədər çətinliklə üzləşsə də, heç vaxt namərdlik, satqınlıq etmədiyini deyən müsahibimiz aktyor və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti Azad Şükürovdur.   1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində anadan olub. Elə uşaqlıq illəri də orda keçib: "Bütün kənd uşaqları kimi ot da çalmışam, at da çapmışam, ilan da öldürmüşəm. Kəndə kino gələrdi, məktəbin həyətində göstərirdilər. Firuz adında bir kinomexanikimiz var idi. 8-ci sinifdən başlayaraq onun yanında şagirdlik edirdim. Görünür, mədəniyyətə, incəsənətə bağlılığımdan irəli gəlirdi. Bütün yayı axşamlar kino verirdik. Çox yaxşı kənd idi, hamı bir-birini tanıyırdı. Bir adam rəhmətə gedəndə ehtiyac yox idi ki, gedib kiməsə deyəsən. Kəndin özünün qəbirqazanı var idi, filankəsin rəhmətə getdiyini eşidəndə heç ölü yiyəsindən soruşmazdı, bilərdi ki, o ölüsünü qəbiristanlığın hansı tərəfində basdıracaq. Səhər tezdən gedib işini görərdi. Yaxud, toy təyin olunanda atın üstündə bir nəfər kəndin içi ilə gəzib, hamıya xəbər verərdi. İki-üç gün əvvəldən hamı yığışıb gəlirdi, kimdə nə var idisə, gətirirdi, biri palaz, o biri qab və s. Toylarımız da maraqlı olurdu, bəzi vaxt 2 gün 2 gecə, 3 gün 3 gecə toy çalınardı. Ölüsü də, dirisi də urvatlıydı".

Orta məktəbdə oxuyanda Məhəmməd Füzulidən xoşum gəlmirdi   Deyir ki, kitab oxumağa həvəsli olub, məktəbdə dərsdən yayınmayıb: "İnternet, kompüterimiz yox idi, əsas məşğuliyyətimiz kitab oxumaq olurdu. Kənddəki kitabxanada olan bütün kitabları oxuyardıq. Hətta sonra yoldaşlarla mübahisə də edərdik ki, sən filan kitabı oxumusan, yoxsa yox? Məktəbdə də məsuliyyətli idim, valideynlərimin ikisi də müəllim idi. Hətta atam uzun müddət məktəb direktoru da işləyib. Bu, mənim üstümə əlavə məsuliyyət qoyurdu. Şairlər içərisində ən çox Məhəmməd Füzulini sevirəm, amma orta məktəbdə oxuyanda ondan xoşum gəlmirdi. Çünki o şairi keçəndə müəllim mütləq məni qaldırırdı, çətin əzbərlənən şeirləri öyrənə bilmirdim deyə, aşağı qiymət yazırdı. Buna görə də bizim evdə əməlli-başlı narazılıq yaranırdı, atam deyirdi ki, mənim oğlum ədəbiyyatdan 3 alıb gəlib".   Müsahibimiz kənd mühitində yaşasa da, kəndə qapanıb qalan uşaq olmayıb: "Rayonda müəllimlər evində bir dram dərnəyi fəaliyyət göstərirdi. 9-cu sinifdə oxuyanda mən rayonda teatra gedib-gəlir, rayon tədbirlərində iştirak edirdim. Adətən, orta məktəbi qurtarıb İncəsənət Universitetinə gedən uşaqların əksəriyyəti bəyaz arzularla gəlir. Ya Rasim Balayev olmaq istəyir, ya da Rac Kapur. Amma, mən uşaq vaxtımdan o mühitdə olduğum üçün orta məktəbi qurtaranda şüurlu surətdə bilirdim ki, hara gedəcəyəm".

Mənə 2 yazdı   İncəsənət Universitetinə qəbul olmaq üçün Bakıya gəlir, amma ilk cəhdi uğurlu alınmır: "İmtahana qədər çoxlu dondurma yemişdim deyə, dişim şişmişdi. O halda getdim, imtahanı bizdən rəhmətlik Ədil İsgəndərovla Rza Təhmasib götürürdü. Ədil müəllim üçün kurs yığırdılar. İmtahana yaxşı hazırlaşmışdım, özümü xalq artisti kimi hiss edirdim (red-gülür). Ədil müəllim mənə dedi ki, qadam, bir çıx ora. Amma dişim şişdiyi üçün yaxşı danışa bilmirdim. Ədil müəllim dedi ki, qadam, sən deyəsən ovurduna qoz qoymusan, get, qozu çıxaranda gələrsən. Mənə 2 yazdı. Kəndə getməyə də utanırdım, çünki məktəb vaxtından dram dərnəyinə, teatra filan gedirdim rayonda elə bilirdilər ki, qəbul olacam. Bakıda qalıb, tikintidə işə düzəldim. Axşamlar ekskavatorçu kursuna yazıldım. 3-4 aydan sonra 6-cı dərəcə üzrə ekskavator-maşinist vəsiqəsi aldım. Ekskavatorçu işləməyə başladım".   Ekskavarotçu kimi çalışıb yaxşı pul qazanır, həftə sonları isə ali təhsil almaq istədiyi istiqamətlə məşğul olur: "İndiki "Xətai" metrostansiyasının yanında dram dərnəyi var idi. Şənbə-bazar ora məşqə gedirdim. Sonra Milli Dram Teatrında kiçik rollar oynamağa başladım, televiziyaya ayaq açdım. İkinci ili imtahana möhkəm hazırlaşdım. Yenə Ədil və Təhmasib müəllim imtahan götürürdü, bu dəfə Təhmasib müəllim üçün kurs yığırdılar. Ədil müəllim mənə baxdı, dedi: Qadam, deyəsən, qozu ovurdundan çıxarmısan. O sözlər mənim üçün İncəsənət İnstitutunun diplomuna bərabər idi. "Ədil müəllim, əgər, siz yenə 2 yazıb, burdan çıxarsanız, mənə bir o qədər təsir eləməz, əsas odur ki, məni tanıdınız",- deyib şirinlik etməyə başladım (Gülür). Dedi ki, qadam, gopa basma, çıx səhnəyə. Qəşəng bir imtahan verdim, iki 5, bir 4 yazdılar".