İmam Əli balaca Abbasın qollarından öpüb, ağlyardı…


Digərləri 24 Apr 2018 21:40:00 528 0

İmam Əli balaca Abbasın qollarından öpüb, ağlyardı…

Həzrət Abbas (ə) 26-cı hicri ilinin Şəban ayının 4-də İmam Əli (ə) ailəsinə doğulmuşdur. Anası Ümmil-bənin fəzilət və əxlaqda xanım Zəhranın (s.ə) diqqətini çəkmiş və onu özündən sonra həyat yoldaşı olaraq İmam Əliyə (ə) vəsiyyət etmişdir.

Ümmil-bənin dünyaya gələn bu körpəni İmamın (ə) qucağına verir. İmam Əli (ə) də sağ qulağına azan və sol qulağına iqamə oxuyur. Adını Abbas qoyur.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu körpə hələ uşaq yaşlarından ağbəniz və gözəl olduğu üçün onu Qəməri Bəni-Haşim adlandırırdılar. Abbasın dünyaya gəlişinin yeddinci günündə əqiqə qurbanı kəsilir və sədəqə verilir.

Körpənin dünyaya gəlişi ailədə sevincə səbəb olmasına baxmayaraq, İmam Əli (ə) onun qollarını öpüb ağlayardı. Ümmil-bənin bu göz yaşlarının səbəbini soruşanda buyurardı ki, bu qollar qardaşına yardım etmək yolunda kəsiləcəkdir.

Həzrət Abbasın (ə) böyüdüyü ailə - vəhy ailəsi idi. İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi qardaşları, xanım Zeynəb (s.ə) kimi bacısı var idi. Ona görə də onların əxlaq və elmi bu körpəyə də sirayət etmiş və ədəbdə onlarla bir sırada qərar tutmuşdur.

Heybət və şücaətdə atası kimi idi. Nəql olunur ki, Siffeyn döyüşündə bir cavan üzündə niqabla döyüşə qatıldı və hərəkəti, heybəti hamını qorxutmuşdu. Heç kəs ona yaxın dura bilmirdi. Müaviyə (lən) Əbi Səqa adlı döyüşçüsünə əmr edir ki, gedib o cavanla vuruşsun. Lakin Əbi Səqa deyir ki, ey əmir, mənim yeddi oğlum vardır. Əvvəl onları döyüşə göndərək. Belə də edirlər və oğlanları bir-bir döyüşə girir və məğlub olurdular. Yeddi oğlunu itirən bu düşmən, nəhayət özü meydana daxil olur və o da oğlanları kimi həmin cavan tərəfindən məhv edilir.

İmam Əli (ə) onu yanına çağırır və niqabını çıxardıb alnından öpür.