Ermənistandakı hadisələrin yaranmasına Azərbaycanın siyasətinin birbaşa təsiri var Məşhur ekspertdən maraqlı təhlil


Siyasət 24 Apr 2018 17:40:00 320 0

Ermənistandakı hadisələrin yaranmasına Azərbaycanın siyasətinin birbaşa təsiri var  Məşhur ekspertdən maraqlı təhlil

Bu, Ermənistanda siyasi sistemin çökməsi deməkdir. Ölkə uzunmüdətli xaosa girir.

Bu, Ermənistanda siyasi sistemin çökməsi deməkdir. Ölkə uzunmüdətli xaosa girir.

"Hazırda Ermənistanda baş verən hadisələrin ortaya çıxmasına, oradakı daxili siyasi vəziyyətə və belə bir situasiyanın yaranmasına Azərbaycanın yürütdüyü siyasətin birbaşa təsiri var".

Bu barədə Son.az-a Ermənistanda baş verən son hadisələri, kütləvi etiraz aksiyalarından sonra Serj Sarqsyanın istefası və nəticədə yaranmış vəziyyəti şərh edən "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bölgədə yürütdüyü siyasət nəhayət, öz nəticəsini verməyə başlayıb: "Hələ 2016-cı ildə cəbhə xəttində aprel döyüşlərinndən sonra Ermənistandakı hakim hərbi-siyasi rejim demək olar ki, artıq sakit yaşaya bilmirdi. Bu vəziyyətin məntiqi nəticəsi idi ki, rəqiblərinə güzəştə gedirdi. Amma daim belə davam edə bilməzdi, çünki hər şey dalana dirənmişdi və Serj Sarqsyanın güzəşt limiti bitmişdi. Ona görə də vəziyyət ciddi narazılıqlara, kütləvi etirazlara və nəhayət, son hadisələrə gətirib çıxardı. Ümumiyyətlə, Ermənistandakı daxili vəziyyəti xarakterizə edəndə demək lazımdır ki, "Qarabağ klanı", xüsusilə, Sarqsyan rejimi ölkəni uçuruma aparırdı. İndi biz həmin uçurumun mənzərəsini görürük. Bu artıq Ermənistanda siyasi sistemin çökməsi deməkdir.

Əslində, indi yaranmış vəziyyətdə öz sözünü küçə dedi. Siyasi partiyalar, hətta müxalif partiyalar hamısı kənarda qalıb. Yəni proseslər küçə mitinqlərinin və eyforiyanın nəticəsində baş verir və son nəticələrə gətirib çıxarır. Vəziyyət o həddə çatıb ki, indiki prezident Armen Sarqsyan nümayişçilərin qarşısında çıxış edərək deyir ki, biz yeni Ermənistan yaratmalıyıq. Yəni köhnə, Sarqsyanın, ondan əvvəl isə Köçəryanın qurduğu Ermənistandan artıq bir şey qalmayıb. Onlar özləri də bunu yaxşı başa düşürlər.

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev də deyirdi ki, Sarqsyan ölkəni uçuruma aparır. Təbii ki, ermənilər bizim prezidentin sözlərini qəbul etmirdilər. Amma real vəziyyət onu göstərir ki, Prezident İlham Əliyevin illərlə dediyi sözlər indi öz təsdiqini tapır".

Ermənistanda dövlət çevrilişinə cəhd baş verir Politoloq hesab edir ki, artıq köhnə Ermənistandan bir şey qalmayıb və mövcud siyasi struktur tam dağılmalıdır: "Hərəkatın lideri Nikol Paşinyan bunu çox yaxşı başa düşür. Onun məqsədi təkcə Sarqsyanı devirmək deyil. Çünki Sarqsyan gedəcək, onun yerinə bir başqası, məsələn, Karen Karapetyan və ya eyni klandan olan digəri gələcək. Yəni "Qarabağ klanı", Respublikaçılar partiyası yenə də hakimiyyətdə olacaq, həmin oliqarxlar, bu sistemin əsas simaları yenə də qalacaq. Ona görə də Paşinyan ən azından küçə hərəkatının nəticələrini sığortalamaq üçün mövcud sistemin dağılmasını istəyəcək və minimum növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edəcək. Çünki o deyir ki, xalq məni seçsə, etibar etsə, baş nazir olacam. Bu o deməkdir ki, Paşinyanın hədəfi baş nazir olmaq, hakimiyyəti tam formatda yeniləməkdir. Çünki Serj Sarqsyan hakimiyyətdən gedib, amma onun adamları və strukturu hələ qalıb. Paşinyan onların hamısını çıxarmaq istəyəcək. Məncə, bu "inqilab"ın nəticələri belə olmalıdır. Ona görə də hadisələrin bundan sonra necə inkişaf edəcəyini indidən görmək olar. Digər siyasi qüvvələr fəallaşacaqlar, klanlararası qarşıdurma daha da gərginləşəcək. Respublikaçılar partiyasının isə hakimiyyətinə sayılı günlər qalıb. Əgər hərəkat belə davam etsə, bu partiya növbəti seçkilərədək fəaliyyət göstərəcək, amma məğlubiyyətdən sonra çox güman ki, ya dağılacaq, ya da aqibəti sual altında olacaq".

"Cəbhədə vəziyyət hər an gərginləşə bilər" - Məşhur general İ.Vəlizadənin fikrincə, ən maraqlısı odur ki, bu ölkənin hərbi strukturları başsız qalıb: "Baş komandan yoxdur, istefa verib. Müdafiə naziri Vigen Sarqsyan ortalıqda görünmür, onun nüfuzu sıfıra bərabərdir. Nazir 1-2 gün əvvəl sərəncam imzalayıb ki, nümayişə icazəsiz qoşulan hərbçilər cəzalanacaqlar. Kim icra edəcək o sərəncamı?! Onun qərarları kabinetindən kənara çıxmır.

Cəbhədə isə ümumiyyətlə özbaşınalıqdır. Orduda Baş qərargah rəisi və başıpozuqlar ağalıq edirdilər, amma indi üzə çıxan kimsə yoxdur. Əlbəttə ki, belə vəziyyətdə cəbhədə Azərbaycana qarşı təxribatlar çoxalır. İndi hər hansı alay, hərbi hissə təxribat törədə və ya kimlərsə bunu onların əli ilə edə bilər. Çünki ordu başsız qalıb. Bu o deməkdir ki, Ermənistanın idarəetmə orqanları iflic olub, işləmirlər. Əgər hərbi nazirin sərəncamını kabinetdən kənarda heç kim icra etmirsə, deməli, digər nazirliklər də buna bənzər gündədir. Küçədəkilər, nümayişçilər hakimiyyəti ələ alıblar, amma bilmirlər ki, bu hakimiyyətlə nə etmək olar. Hakim dairələr onlarla danışıqlar aparırlar ki, heç olmasa vəziyyətə bir az nəzarət etsinlər. Çünki nəzarət hakimiyyətdəkilərin əlindən tam çıxıb".

Ekspert hadisələrlə əlaqədar Rusiyanın mövqeyi ilə bağlı bəzi məsələlərə də aydınlıq gətirib: "2016-cı ilin aprelindən sonra Serj Sarqsyan Rusiya üçün maraqlı fiqur olmaqdan çıxdı və ona maraq tamamilə itdi. Ona görə də ortaya Karen Karapetyan kimi fiqur gətirildi. Ona baş nazir postunu verdilər ki, Rusiyanın maraqlarını təmin etsin. Amma indiki hadisələrdə Rusiya çox müdaxilə eləmir. Çünki Ukraynada və digər ölkələrdə baş verənlər göstərir ki, kimsə kiminsə tərəfini tutsa, uduza bilər. Təbii ki, Rusiya nümayişçilərin tərəfində ola bilməzdi, amma Sarqsyana da açıq-aşkar dəstək vermirdi. Kremldə çox gözəl başa düşürdülər ki, Sarqsyanın ölkədə nüfuzu yoxdur və getməkdə olan fiqurdur. Rusiyadakı siyasi elita ilə Sarqsyan arasında böyük ziddiyyətlər yaranmışdı. Təhlillər göstərir ki, elə məhz bu ziddiyyətlər nəticəsində Sarqsyanı qurban verdilər. Bunda Ermənistanın Avropa Birliyi və NATO ilə yaxınlaşması da müəyyən rol oynadı.

Amma prinsip etibarilə, Rusiya regionda qismən də olsa, dəyişiklik etmək, olsa bilsin ki, hətta 4-5 rayonu Azərbaycana qaytarmaqla öz xeyrinə yeni vəziyyətin yaradılmasını istəyirdi. Amma Serj Sarqsyan isə 20-ci əsrin 90-cı illərində ilişib qalmışdı. Onun təfəkkürü, yanaşmaları dəyişilməmişdi. Belə bir insanın Ermənistanda hakimiyyətdə saxlanması Rusiya üçün məqbul hesab oluna bilməzdi. Aprel hadisələri də göstərdi ki, onun siyasəti rəsmi Moskva üçün effektli deyildi".

Qorxaq və bivec cəllad devrildi - İNDİ NƏ OLACAQ? İ.Vəlizadə məntiqi olaraq hamıda doğan "Rusiya özünü niyə belə sakit aparır?" sualına belə cavab verib: "Rusiya Ermənistandan nə istəyibsə, hamısını alıb. Rusiya Ermənistanı qazla təchiz edir, bu sahə onun tam inhisarındadır. Razılaşmaya görə Ermənistanın Türkiyə ilə sərhədlərini məhz özü qoruyur, Gümrüdəki hərbi baza onun əlindədir. Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ermənistan Rusiyanın tam for-postudur. Bundan o yana daha nə olmalıdır?! Yəni Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu ölkə Rusiyanın əlinin altından və ya cızdığı dairədən kənara çıxa bilməyəcək. Rusiya elə təkcə Ermənistana qazın verilməsini kəssə, onlar acından qırılacaqlar. Reallıq budur ki, bütün pullar demək olar ki, Rusiyadan gəlir. Rusiyanın başında erməni oliqarxın durduğu "Taşir" qrupu Ermənistandakı investisiyalarını çıxarsa, nə ABŞ, nə də Avropa dövlətləri ora heç nə yatırmayacaq. Bu səbəbdən də Rusiya çox rahatdır. Çünki bütün siyasi səhnə Rusiyanın əlindədir və Ermənistanda hakimiyyətə kim gəlsə, ilk xarici səfərini mütləq Moskvaya erməlidir. Başqa variant mümkün deyil. Ona görə də əgər Paşinyan hakimiyyətə gəlsə və hökuməti qursa, yenə məcburən Rusiyanın ayağına gedəcək".

Bəs Ermənistanda indiki proseslər və hakimiyyət dəyişikliyi Azərbaycan üçün nə dərəcədə əlverişlidir? Ekspert bu suala belə cavab verib: "Belə bir fikir var ki, Azərbaycan fürsətdən istifadə edib müharibəyə başlamalıdır. Bu cür deyənlər var. Amma bunu etmək mümkün olmayacaq, çünki burada ilk növbədə xarici amillər var. Bizim üçün əlverişli olan başqa məqam var. Bu hadisələr onsuz da geri qalmış, inkişaf etməmiş, uçurumun astanasında olan ölkəni daha da geriyə atdı. Onlar onsuz da hər gün milyonlarla dollar ziyana düşürlər. İnvestorlar ölkədən qaçırlar. Çoxlu problemlər vardı, indi onların üzərinə daha bir neçəsi gəldi. Bizim üçün sərfəli tərəfi odur ki, bizə düşmən olan ölkə zəifləyir. Tutaq ki, Paşinyan hakimiyyətə gəldi, amma bu o demək deyil ki, o, hakimiyyətə gələn kimi hər şey düzələcək. Əsl ziddiyyətlər hələ ondan sonra başlayacaq. İndiki qruplar və oliqarxlar Paşinyan hakimiyyəti ilə mübarizə aparacaq və bu, permanent, yəni daimi mübarizə olacaq. Eyni şeyi biz Ukraynada, Moldovada da görürük. İndi eyni şey Ermənistanda davam edəcək. Əslində, Ermənistan bununla uzunmüdətli xaos vəziyyətinə girir. Bizə isə bunu yalnız seyr etmək və axırının nə ilə bitəcəyini gözləmək qalır".

İlkin İzzət