"İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir"


Digərləri 24 Apr 2018 17:15:00 245 0

"İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir"

"Biz enerji ölkəsi olsaq da, tükənməyən alternativ enerji mənbələrinin inkişaf etdirilməsində maraqlıyıq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalasla görüşündə deyib.

Ə.Əhmədov qeyd edib ki, iqtisadiyyat inkişaf etdikcə ekoloji tarazlıqda istər-istəməz pozğunluqlar olur: "Bunlar da aradan qaldırılmalıdır. İçməli suyun tükənməməsi üçün bir çox layihələr həyata keçiririk, ancaq bu da kifayət etmir, daha çox müvafiq layihələr üzərində işləməliyik. Bu məsələlərin həllində Dünya Meteorologiya Təşkilatının dəstəyi vacibdir. Biz hökumətə reallaşa biləcək layihələrlə bağlı məlumat verəcəyik. Sizin rəhbərlik etdiyiniz qurumlarla əməkdaşlıq çərçivəsində faydalı layihələrin həyata keçiriləcəyinə ümidvarıq".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkə əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı surətdə islahatlaşdırılması, yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilir. İqtisadiyyatın şaxələndirilməsi, əsasən kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bütün bunlarla yanaşı, ölkəmizdə havanın keyfiyyətinin yaxşılaşdırılması, içməli su probleminin aradan qaldırılması məsələləri prioritet olaraq qalır.