Ermənistanda “məxməri inqilab” - dəyişən nə olacaq? - ŞƏRH


Digərləri 24 Apr 2018 15:26:15 151 0

Ermənistanda “məxməri inqilab” - dəyişən nə olacaq? - ŞƏRH

Ermənistan bölgənin sabitlik olmayan, riskli ərazilərindəndir

“Addım” Hərəkatının təşkilatçılığı ilə aprelin 13-də Ermənistanda baş nazirSerj Sarqsyanın istefası tələbi ilə başlayan aksiyalar aprelin 23-də məqsədinə çatdı.Təbii ki, bu etirazların xalq arasında, ölkə xaricində müdafiəçiləri olduğu kimi, Ermənistanda və ondan kənarda əleyhdarları da var idi. Deməli, S.Sarqsyanın hakimiyyətdən getməsini istəyənlər bütövlükdə üstünlük təşkil etdiklərindən “Addım” qələbə qazandı. Onda belə çıxır ki, Rusiya 30 ildir yetişdirdiyi keçmiş SSRİ-dən qalma kadrından əl çəkir? Yaxud Rusiya Ermənistanı əldən verir? Yoxsa Moskva Ermənistan üzərindən qurduğu təhlükəsizlik sistemindən imtina edir? Bəlkə Kreml bu ərazidən hərbi bazasını çıxarır? Serj Sarqsyanın istefası nəticəsində Azərbaycanınişğal altında olan torpaqlarıazad ediləcəkmi? Rusiya bu işğalın bitməsini istəyəcəkmi? Bu istefadan sonra NATO və Avropa İttifaqı qapılarını Ermənistan üçün taybatay açacaqmı? Ermənistan və dünya erməniləri bu istefa ilə qonşu dövlətlərə, Azərbaycan və Türkiyəyə ərazi iddialarından əl çəkəcəkmi? Bəlkə ermənilər qondarma tarixlə bağlı iddialarından əl çəkib dinc yaşamağa çalşacaqlar? Ermənistan hakimiyyəti Rusiyanın yerləşdirdiyi kadrlardan təmizlənəcəkmi? Gələcək hakimiyyət Rusiyanın təşəbbüsü ilə qurulan Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacaqmı? Və sair və ilaxır. Əslində, bu sualları verməkdə məqsədimiz heç də qonşu dövlətdə Serj Sarqsyanın istefası ilə bağlı əleyhdarlarının zəhmətini azaltmaq deyil. Sadəcə olaraq, “Sarqsyan hakimiyyətdən getdikdən sonra Ermənistanda nə dəyişəcək” sualına aydınlıq gətirmək istəyirik.

Nikol Paşinyan aprelin 23-də "Respublika" meydanında keçirilən mitinqdə “addım”ları, görüləcək işləri açıqlayıb: “Birinci addım Serj Sarqsyanın istefası idi. İkinci addım parlamentin xalq qarşısında baş naziri təyin etmək, bundan sonra müvəqqəti hökuməti yaratmaq və növbədənkənar seçkilər keçirməkdir. Mən birmənalı şəkildə vurğulamaq istərdim ki, “məxməri inqilab” yarımçıq qala bilməz. Onu sonadək başa çatdırmaq lazımdır. Ümid edirəm ki, siz tam qələbəyədək onu başa çatdıracaqsınız. Serj Sarqsyan və Respublikaçılar Partiyası yaranmış vəziyyət nəticəsində "kölgə hökuməti" ilə dövləti idarə edəcəklərinə ümid bəsləməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər”. O həmçinin meydanda Rusiya KİV-inə verdiyi müsahibədə bildirib ki, xalq ona baş nazir olmaq üçün etimad göstərsə, bundan imtina etməyəcək: “İndi Ermənistanda hakimiyyət xalqın əlindədir. Obrazlı desək, buna müqavimət göstərmək əhəmiyyətsizdir”.

Hər halda növbədənkənar seçkilər “məxməri inqilab"ın başlıca tərkib hissəsidir. Bu siyasi kampaniya keçirilməzsə, onda aksiyaların məntiqi fərqli istiqamətlərə yönələr. Qeyd edək ki, 2017-ci il aprelin 2-də keçirilən parlament seçkilərinin nəticəsinə əsasən, Serj Sarqsyanın Respublikaçılar Partiyası qələbə qazanmışdı. Hakim siyasi təşkilata seçicilərin 49,12 faizi, "Tsarukyan" blokuna (“Çiçəklənən Ermənistan” Partiyası ) 27,32 faizi, Nikol Paşinyanın "Çıxış" blokuna 7,77 faizi, “Daşnaksütyun” Partiyasına isə 6,57 faizi səs vermişdi. Beləliklə, parlamentdəki 105 yerdən 65-ni hakimiyyət götürmüşdü - 58 yer respublikaçıların, 7 yer isə daşnakların payına düşüb. Müxalifət sayılan qüvvələrə isə 40 yer düşmüşdü. Onun 9-nu Nikol Paşinyanın başçılıq etdiyi “Çıxış” bloku, 31 yeri isə “Çiçəklənən Ermənistan” Partiyası tutmuşdu. Ona görə də yeni baş nazirin belə bir tərkibə malik parlamentdə səsverməyə çıxarılması Sarqsyanın partiyasının qələbəsini yenidən təmin edər. Yaxud “Qazprom”un Ermənistandakı nümayəndəsi Karen Karapetyanın baş nazir olmasına "yaşıl işıq" yandırar. Deməli, Ermənistanda “addım”lardan biri Serj Sarqsyandan miras qalmış hakimiyyətin hərəkata təhvil verilməsidir. Buradan da çox maraqlı bir sual yaranır: Rusiya “Qazprom”un Ermənistandakı milyarder nümayəndəsi, baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyandan da imtina edəcək? Əgər Nikol Paşinyan “məxməri inqilab”ı başa çatdırmaq istəyirsə, o zaman Serjin mirası sayılan Karapetyan da hakimiyyətdən getməlidir. Onda bu halda erməni milyarder hakimiyyətə yalnız növbədənkənar seçkilərin nəticəsində dönə bilər. Bu arada aprelin 23-də Rusiyanın baş naziri Dmitri Medvedevlə Karen Karapetyan arasında telefon danışığı olub. Onlar ikitərəfli münasibətləri və Ermənistandakı hadisələri müzakirə ediblər. Medvedev dost erməni xalqını dəstəklədiklərini bildirib.

Yeri gəlmişkən, ABŞ-ın Ermənistandakı səfirliyiYerevandakı etiraz aksiyaları zamanı yaranmış vəziyyəti dinc yolla həll etməyə, aksiya iştirakçılarına və jurnalistlərə güc tətbiq etməməyə çağırıb. Sarqsyan istefa verdikdən sonra Ermənistan prezidenti Armen Sarkisyan ABŞ-ın Yerevandakı səfiri Riçard Millsi qəbul edib. Görüşdə ABŞ-Ermənistan münasibətləri ilə bağlı xeyli məsələlər müzakirə olunub. Ümumiyyətlə, Armen Sarkisyan etiraz aksiyaları zaman tərəfsizliyini qorumağa çalışıb: “Ölkəmizdə baş verənlərin ağır nəticələri ola bilər”. Bu baxımdan, yeni parlament formalaşanadək onun bu postda qalacağı istisna edilmir.

Əslində, Serj Sarqsyan Ermənistanda hakimiyyətə qan tökərək gəlmişdi. 2008-ci il fevralın 19-da prezident seçkisi keçirilmişdi. Müxalifətin namizədi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan idi. Qarşı tərəf iddia edirdi ki, seçkinin nəticələri Serj Sarqsyanın xeyrinə saxtalaşdırılıb. O zamankı kütləvi etiraz aksiyaları nəticəsində 1 hərbçi, 7 dinc aksiya iştirakçısı ölmüş, bəziləri itkin düşmüş, 230 nəfər isə xəsarət almışdı. Aksiya fevralın 20-də başlamaqla on gün müddətinə davam etmişdi. Ter-Petrosyan tərəfdarlarını aksiyanı dayandırmağa çağırmışdı. Ötən gün etiraz aksiyaları zamanı Levon Ter-Petrosyanla da görüşlərin keçirildiyi barədə məlumatlar yayıdı. Doğrudur, ongünlük etiraz aksiyaları zamanı nə Ter-Petrosyanın, nə də islahatçı sayılan başqa siyasi fiqurların adları çəkilmədi. Onda belə çıxır, Nikol Paşinyan və onu dəstəkləyənlər yeni qüvvələrdir. Sadəcə, Ter-Petrosyanın qurulacaq yeni hakimiyyətdə təmsil oluna biləcəyi ehtimalı var. Hətta onun yenidən prezident olmasını da proqnozlaşdırmaq olar. Bundan əlavə, aprelin 22-də parlamentdə təmsil olunan hakimiyyətə yaxın müxalifət sayılan “Çiçəklənən Ermənistan” Partiyası da aksiyanı dəstəklədiyini bəyan etdi. Bu təşkilatın lideri Qaqik Tsarukyanın parlamentin Serj Sarqsyanı baş nazir seçdiyi iclasına qatılmadığı bildirilirdi. Bu isə o deməkdir ki, Serjin hakimiyyətdən getməsində onların da rolu istisna edilmir. Nəzərə almaq lazımdır ki, Karen Karapetyanla Qaqik Tsarukyan arasında bazarlar uğrunda mübarizə gedirdi. Onda hökumət bazara müdaxilə edərək yeni vergi siyasəti tətbiq etməklə Tsarukyana təzyiqlər edirdi. Əslində, “Addım”ın aksiyasının sonuncu günlərində - aprelin 22-23-də daha çox etirazçı nümayişə qatılmışdı.

Ümumiyyətlə, Nikol Paşinyanın liderliyi ilə başlayan hərəkata ABŞ, Fransa, Almaniya, Rusiya və başqa ölkələrdəki erməni lobbi təşkilatlarıda dəstək verirdi. Son 11 gündə Ermənistanda baş verənlər, Serj Sarqsyanın baş nazir postunda oturduqdan 7 gün sonra hakimiyyətdən uzaqlaşdırılması, xalqın istefa tələbinin yerinə yetirilməsi bəzi ümumiləşdirmələr aparmağa əsas verir. Ermənistan hibrid dövlətdir. O, üç ayağın - diaspor, kilsə və Moskvanın üstündə mövcud ola bilir. Serj Sarqsyan bu üç dayağın razılaşması nəticəsində hakimiyyətdən getdi. Çünki onun getməsini Moskva o qədər də arzulamırdı. Ermənistan Rusiyadan qopmağa can atır. Əvvəllər də bu istiqamətdə cəhdlər olub. Ancaq bu “məxməri inqilab”ın həmin işin öhdəsindən gələcəyi az inandırıcı görünür. Ukraynada Rusiya kadrlarından təmizlənmə Krımın ilhaqı və Ukraynanın şərqində hərbi əməliyyatlarla nəticələndi. Ermənistanın bu addımı isə dövlətin gələcəkdə mövcudluğuna problem yarada bilər.

Hər halda bu “addım” Ermənistanda yeni qüvvələrin hakimiyyətə gəlməsi ilə başa çatacaq. Çünki Ermənistan hələ müstəqil dövlət deyil. Əks halda, Azərbaycan vətəndaşlığından çıxarıldığı elan edilməyən Serj Sarqsyan 25 il Ermənistan siyasətində at oynatmazdı. Elə onun yerlisi Robert Koçaryan bu ölkədə prezident olmazdı. Ona görə də Ermənistan rəhbərliyi, bir qayda olaraq, Rusiyanın dirijor çubuğu ilə idarə edilib, Kremlin ağzını güdüb. Rusiyanın Qafqazda müəllifi olduğu münaqişələrdən biri də Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalıdır. Hakimiyyətə gələcək yeni qüvvələr də işğal altında saxlanılan Azərbaycan torpaqlarından çıxana oxşamırlar. Bu baxımdan, kadrların daha çox adları və soyadları yeni olacaq. Onların MDB, Avrasiya İqtisadi İttifaqından, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ehitmalı da azdır. Buna yalnız əvvəlki kimi uğursuz cəhdlər ola bilər. Bu “addım” Ermənistanı Rusiyadan nəzərə çarpmayacaq dərəcədə aralaya bilər. Ona görə də hərəkatın perspektivdə davamının olacağı istisna edilmir.

Nəhayət, Ermənistan bölgənin sabitlik olmayan, riskli ərazilərindəndir. Oradakı hadisələri proqnozlaşdırmaq çətindir.Çünki bu dövlət xalqa məxsus deyil vəxaricdən idarə olunur.Bu proseslərdə əhalidən, sadəcə, maraqların təmin olunması üçün istifadə edilir. Bu dəfə də elə oldu. Serj Sarqsyan baş nazir olmazdan əvvəl verdiyi müsahibədə bildirmişdi ki, ölkə əhalisinin 60 faizi narazılardan ibarətdır. Cəmiyyətin bu hissəsinin potensial enerjisi dəstəklər nəticəsində kinetik oldu.