Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanın Veliko Tırnovo şəhərində nümayiş etdirilib (FOTO)


Digərləri 24 Apr 2018 14:11:00 203 0

Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanın Veliko Tırnovo şəhərində nümayiş etdirilib (FOTO)

Bolqarıstanın Veliko Tırnovo şəhərində baş tutmuş “Mədəni turizm” 15-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət nazirliyinin dəstəyi ilə ölkəmiz növbəti dəfə milli stendlə təmsil olunub.

Bakı. Azərbaycanın turizm imkanları və mədəniyyətinin Bolqarıstanda təbliği məqsədilə aprelin 19-21-də Bolqarıstanın Veliko Tırnovo şəhərində baş tutmuş “Mədəni turizm” 15-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət nazirliyinin dəstəyi ilə ölkəmiz növbəti dəfə milli stendlə təmsil olunub. Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgi zamanı stendi ziyarət edənlərə Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları barədə ətraflı məlumat verilib, Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş etdirilib, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası keçirilərək ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib. Sərginin açılışında iştirak edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov və Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıblar. Sərginin sonunda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilib.