Azərbaycan XİN: "Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq"


Siyasət 24 Apr 2018 13:39:00 230 0

Azərbaycan XİN: "Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq"

Azərbaycan münaqişənin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırdır.

Bunu Son.az-a Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyi haqqında sorğusunu cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan XİN Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvardır: "Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər irəliləyiş əldə etmək mümkün olmayıb".

H.Hacıyev əlavə edib ki, qoşunların təmas xəttində Azərbaycan tərəfindən guya hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi barədə keçmiş S.Sarkisyan rejiminin ünsürlərinin isterik açıqlamaları həqiqəti əks etdirmir və keçən ilə aid məlumatlara əsaslanır. Burada məqsəd yalnız ictimai fikri çaşdırmaq idi:

"Amma fakt ondan ibarətdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olmaqda davam edir. Gərginlik riskini aradan qaldırmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri əsasında sülh yolu ilə tezliklə həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq".

XİN rəsmisi bildirib ki, münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasını və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasını təmin etmiş olar:

"Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək".