Ombudsmanın illik hesabatı Milli Məclisdə qəbul edildi


Digərləri 24 Apr 2018 13:09:00 266 0

Ombudsmanın illik hesabatı Milli Məclisdə qəbul edildi

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Milli Məclisdə 2017-ci ilin illik hesabatını təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hesabatda bir sıra məsələlərə toxunulub. Bildirilib ki, məhkumların bir qismi təhvil verilmələrinə köməklik göstərilməsi ilə bağlı ombudsmana müraciət edib. Bu müraciətlər əsasında aidiyyəti qurumlara sorğular verilib və müvafiq araşdırmalar aparılıb.

2017-ci ildə Azərbaycan vətəndaşı olan 53 həbs edilmiş şəxs və məhkum xarici dövlətlərdən təhvil alınıb, 81 həbs edilmiş şəxs və məhkum isə xarici dövlətlərə göndərilib.

Bundan başqa, Bakı şəhərində bəzi tikinti şirkətləri tərəfindən inşa edilərək istifadəyə verilmiş və tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması ilə bağlı Ombudsman Aparatına müraciətlər olunub.

Qeyd olunub ki, ombudsmana edilən bəzi müraciətlərdə bir sıra mənzil-tikinti kooperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar yer alıb. İqtisadiyyat və Vergilər nazirlikləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədəmüvafiqdir.