Azərbaycanın aqrar potensialı yeni çağrışlar fonunda


Digərləri 24 Apr 2018 11:33:13 257 0

Azərbaycanın aqrar potensialı yeni çağrışlar fonunda

Bu gün dünya xəritəsində elə bir ölkə tapmaq mümkün deyil ki, Azərbaycan Prezidenti qədər iqtisadi inkişaf üçün lazım olan kompleks tədbirləri həyata keçirməkdə israrlı olsun və bunun üçün tam qətiyyətli siyasi iradə ortaya qoysun. Son 14 ildə bu istiqamətdə ardıcıl, davamlı siyasət yürüdülmüş və nəticə olaraq qeyri-neft sektoru dinamik inkişaf edir, yeni sənaye sahələri yaranır, infrastruktur sosial-iqtisadi inkişafa adaptasiya olunur. Beləliklə, sosial yönümlü iqtisadi inkişaf yolunu seçən Prezidentimiz Azərbaycanın yeni iqtisadi tarixini yaradır.

Ən başlıcası, ölkəmiz xarici investisiya üçün açıqdır və bunun üçün iqtisadi rıçaqlar yaradılmışdır.

Azərbaycanın valyuta ehtiyatları artır, ölkəmiz iqtisadi gücünü möhkəmləndirir.

Makroiqtisadi səviyyədə ölkədə potensial ÜDM istehsalına çatması üçün məşğulluq problemi daim dəqqət mərkəzində saxlanılır. İndiyədək 1.500.000 daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı salınması istiqamətində möhtərəm Prezidentimizin həyata keçirdiyi tədbirlər getdikcə iqtisadiyyatı öz potensial səviyyəsinə yaxınlaşdırır. Demək olar ki, bir sıra ölkələrdən fərqli olaraq işsizliyin dövlət tənzimlənməsi, işsizliyin dövlət müdaxiləsi uğurlu nəticələr vermişdir. Bunun məntiqi nəticəsi olaraq cari ilin I rübündə sənayedə 10%, kənd təsərrüfatında 4.2 % iqtisadi artıma nail olunmuşdur.

Sənayeləşmə siyasəti uğurla davam etdirilir.

Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət verən ölkə rəhbəri bu sahənin inkişafına böyük imkanlar yaratmışdır. Dövlət kənd təsərrüfatı texnikası alır, subsidiyalar verir, torpaqların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinə, suvarma-meliorasiya işlərinə böyük həcmdə vəsait ayırır. Fermerlərə gübrə və bitki mühafizə vasitələri üçün dotasiyalar verir, vergi güzəştləri edilir. Bütün bunlar aqrar sahənin inkişafı üçündür, daxili bazarın təminatı və ixrac potensialının genişləndirilməsi məqsədi daşıyır.

Məlum olduğu kimi, kənd təsərrüfatı həm əhalinin ərzaq məhsulları ilə təminatı, həm də bir sıra sənaye sahələri üçün xammal bazasıdır. Odur ki, haqqında bəhs edilən sahənin inkişafı çox vacibdir. Həm də burada dünya təcrübəsi nəzərə alınmaqla milli, regional, ənənəvi xüsusiyyətlər unudulmamalı və bütün addımlar uzunmüddətli perspektivlərə hesablanmalıdır. Bu gün ölkəmizdə aparılan sərt monetar və fiskal siyasətin alətləri qısa müddətli dövrdə əhəmiyyətli ola bilər.

Bu vəziyyətdən çıxış yolu kimi cənab Prezident tam elmi əsaslara söykənən addım atdı və kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji yol xəritəsini təklif etdi.

İndi aidiyyəti dövlət qurumları koordinasiyalı şəkildə bu sənəddən irəli gələn məsələlərin uğurlu həlli və kənd təsərrüfatında uzunmüddətli inkişafa nail olmaq üçün strateji plan hazırlamalıdırlar.

Bu cür strateji plan dayanıqlı ərzaq təminatına və emal sənayesinin xammalla təchizatına gətirib çıxaracaqdır.

İnamla qeyd etmək lazımdır ki, dövlətin kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı yaratdığı şərait kifayət qədər yetərlidir. Lakin burada həyata keçiriləcək olan vacib məqamlar vardır. Bu məqsədlə hesab edirik ki aşağıdakı müddəalar nəzərə alınmalıdır:

- Kənd təsərrüfatının bütün sahələrində intensiv istehsalın qurulması üçün dünya təcrübəsinin əsas xarakterik xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusi ilə, ilk növbədə, heyvandarlıq sahəsində. Bu torpaq resurslarından rasional istifadəyə imkan yaradacaqdır;

- Rayonlaşmanın aparılması - bunu tamamlayacaq torpaq, insan və texniki resursların hesablanması;

- Hansı sahənin inkişaf etdirlməsi və bu sahənin emal sənayesi ilə uzlaşdırılması üzrə təhlil və planlaşdırma, yəni istehsalın xammal bazası, resurslar, maya dəyəri üzrə təhlil, daxili tələbat, ixrac potensialı arasındakı əlaqə xəttini qurmaq;

- Təsərrüfatçılıq formasından asılı olmayaraq kənd təsərrüfatında mühasibat uçotunun tətbiqi. Bu gün əksər fermer təsərrüfatlarında bu sahənin geri qalması, istehsalın səmərəsiz təşkilinə gətirib çıxarmışdır.