Eldar Mahmudova qarşı məhkəmə başladı


Digərləri 24 Apr 2018 11:17:00 278 0

Eldar Mahmudova qarşı məhkəmə başladı

Bu gün Yasamal Rayon Məhkəməsində "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh Eldar Mahmudov iştirak etməyib. 

Zalda iştirak edən bir nəfər özünü E.Mahmudovun qayını kimi təqdim edib. O deyib ki, sabiq nazirin məhkəməyə verilməsini aprelin 23-də biliblər. Onun sözlərinə görə, E.Mahmudov qızı ilə eyni ünvanda qeydiyyatdadır.

O, iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə məhkəməyə gəlmək barədə şərait yaradılmasını istəyib.

Daha sonra iddiaçı M.Mustafayev vəsatət qaldıraraq, işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini tələb edib. O bildirib ki, ikinci cavabdeh qismində göstərilən Maliyyə Nazirliyinin inzibati binası Nəsimi rayonu ərazisində yerləşir: "Əgər iş Nəsimi Rayon Məhkəməsinə göndərilməsə, cavabdeh tərəf Eldar Mahmudovun da iştirakı ilə burada - Yasamal Rayon Məhkəməsində baxılsın".

Məhkəmə vəsatəti təmin edib, cavabdeh Eldar Mahmudovun prosesdə iştirak etməsi barədə qərar qəbul edib.

Məhkəmənin hazırlıq iclası mayın 3-də.davam etdiriləcək.

Xatırladaq ki, "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyev məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.