“Zaferoğlu İnşaat”ın direktoru: Şəhərsalmada islahatlara ehtiyac var


Digərləri 24 Apr 2018 10:45:00 278 0

“Zaferoğlu İnşaat”ın direktoru: Şəhərsalmada islahatlara ehtiyac var

Şəhərsalmada ən böyük problem 2000-ci illərin əvvəllərinə kimi tikilən binalardadır.

Bakı. “Zaferoğlu İnşaat”ın direktoru, memar Firdovsi Baxışov "Şəhərsalmada islahatlara ehtiyac var" adlı araşdırma aparıb. Trend həmin araşdırmanı təqdim edir: Şəhərsalmada ən böyük problem 2000-ci illərin əvvəllərinə kimi tikilən binalardadır. Təqribən 2006-cı ilə kimi kim harada, necə istəsə bina tikirdi. Nə şəhərin ümumi planı nəzərə alınırdı, nə də tikinti standartları. Binalararası məsafələr gözlənilmir, mənzillər hava çəkmir, gün işığı görmür və sair. Hələ digər keyfiyyət standartlarını demirəm. Paytaxtdakı bütün “boş” ərazilərdə qısa zamanda yeni binaların ucaldıldığının şahidi olduq. Lakin həmin “boş” ərazilərin də hansısa öncədən tikilmiş binalarda yaşayan insanların istirahət yeri, uşaqların oyun meydançası olduğunu unutduq. Axı qanunlarımız tikinti üçün alınan ərazinin maksimum 40%-də tikinti etməyə icazə verir. Təəssüf ki, geridə qalan müddətdə bunun tam əksini müşahidə etdik. Yəni, qısa zamanda Bakının bütün mənzərəsi korlandı. Düzdür, son dövrlər problemlər mərhələli şəkildə aradan qaldırılır. Müəyyən işlər görülür. Artıq kim necə və harada gəldi hündürmərtəbəli binalar tikə bilmir. Amma yenə də məsələ tam olaraq öz həllini tapmayıb. Hesab edirəm ki, şəhərsalmada müəyyən islahatlara ehtiyac var. Artıq keçmişdə buraxılan səhvlər təkrarlanmamalıdır. Bəlkə standartlara cavab verməyən, şəhərin mənzərəsini korlayan həmin binaların sökülüb, əvəzində yeni, müasir, insanların rahat yaşayışı üçün bütün infrastrukturun yaradılması ciddi büdcə xərcləri tələb edəcək. Lakin biz bunu etməliyik. Düzdü, dövlət bu istiqamətdə ilk addımlarını artıq atıb. Əvvəlcə istismar müddətini başa vurmuş binaların söküntüsü ilə işə başlanıb. Ümid edirik ki, sökülən binaların yerində qeyd etdiyimiz bütün nüanslar nəzərə alınacaq. Növbəti mərhələdə isə standartlara cavab verməyən binaların yeniləri ilə əvəzlənməsi həm paytaxtın görünüşü, həm də sakinlərin rahatlığı baxımından əhəmiyyətli addım olardı. İndiki mərhələdə isə ən azından əvvəlki səhvlərin buraxılmamasına səy göstərmək lazımdır. “AĞ ŞƏHƏR” nümunəsi Hesab edirəm ki, “Ağ şəhər” layihəsi şəhərsalmanın bundan sonra izləyəcəyi xətt baxımdan nümunə ola bilər. Bu layihədə ümumi memarlıq üslubundan tutmuş binaların ara məsafələri, yaşıllıqlar, istirahət üçün parklar, məktəb, bağça, və digər infrastrukturlar nəzərə alınıb. Bu baxımdan da hesab edirəm ki, “Ağ şəhər” layihəsi nümunə olmalıdır. Elə “Ağ şəhər” layihəsində olduğu kimi, şəhərin fərqli yerlərində əhalinin sıxlığına uyğun olaraq binaların hündürlüyü də tənzimlənməlidir. Misal üçün şəhərin daha çox sıxlıq olan mərkəzə yaxın ərazilərində 5-7 mərtəbədən artıq binanın tikintisi qadağan edilməlidir. Tikinti şirkətləri daha çox şəhərin kənarlarına yönəldilməli və daha geniş ərazidə bütün normalar gözlənilməklə yeni mikrorayonların salınmasına təşviq edilməlidirlər.