Los Ancelesdə Azərbaycana dair təqdimat keçirilib (FOTO)


Digərləri 24 Apr 2018 10:12:00 215 0

Los Ancelesdə Azərbaycana dair təqdimat keçirilib (FOTO)

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev aprelin 21-də Los Anceles Bəhai Mərkəzində 600-ə yaxın icma üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib.

Bakı. Los Ancelesin Bəhai icmasının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev aprelin 21-də Los Anceles Bəhai Mərkəzində 600-ə yaxın icma üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, təqdimat Los Ancelesdə fəaliyyət göstərən dini icmalarla münasibətlərin qurulması yönündə apardığı iş çərçivəsində keçirilib. Baş konsul çıxışında ilk olaraq Azərbaycanın tarixi, zəngin mədəniyyəti, yerləşdiyi coğrafi mühit haqqında qonaqlara məlumat verib. O daha sonra Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, bu dəyərlərin ölkəmizdə əsrlərdən bəri mövcud olduğunu diqqətə çatdırıb. N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini vurğulayıb. Azərbaycan multikulturalizmi və tolerantlığı icma üzvləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin