"Hansı həkim istəyər ki, onun tutduğu doğuşda uşaq ölsün?!"


Digərləri 23 Apr 2018 21:10:00 290 0

"Hansı həkim istəyər ki, onun tutduğu doğuşda uşaq ölsün?!"

"Azərbaycanda doğuş zamanı ana ölümlərinin sayı ildən-ilə azalır", - Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, bu ilin üç ayı ərzində Azərbaycanda 7 ana ölümü faktı qeydə alınıb. 2016-cı ildə bu rəqəm 21, 2017-ci ildə isə 20 olub.

Mərkəzin direktoru bu il baş verən ana ölümləri ilə bağlı 12 tibb işçisinə töhmət verildiyini qeyd edib.

Sevinc Məmmədova doğuş zamanı ölüm halları və səbəbləri barədə BBC Azərbaycanca-nın suallarını cavablandırıb.

- Ana və uşaq ölümlərinin əsas səbəbləri nələrdir?

- Ölümlərin əsas səbəbləri baş-beyində qan sızması, ürək xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, endokrinoloji patologiyası olan piylənmə ilə bağlı olub. Bəzi hallarda xanımlarda qan xəstəlikləri olur, laxtalanma sistemi pozulur, uşağa kifayət qədər qan getmir. Bəzi hallarda rezus konflikti olur, yəni rezusu mənfi olan ananın bətnində rezusu müsbət olan uşaq inkişaf edir. Bu zaman ana ilə uşağın qanında parçalanma baş verir. Ana bətnində belə uşaqlar tələf ola bilər. Buna görə dövlət təminatlı Rhogam preparatları doğuşa yardım müəssisələrinə paylanılır. Preparat hamiləliyin 28-ci həftəsində xəstəyə əzələ daxilinə vurulur və ana bətnində inkişaf edən uşağı ölümdən qurtarırıq.

- Bu preparat bahalıdırmı?

-  Dərmanlar xaricdə 120-150 manata satılır. Amma Səhiyyə Nazirliyi tərəfindən "Ana və uşaq proqramı" çərçivəsində bizə hər il 1500-dən artıq Rhogam preparatı pulsuz verilir. Buna görə ana bətnində uşaq ölümünü sıfıra endirmişik. 600-dən çox tibb müəssisəsi təmir olunub, cəmi 2 doğum evi qalıb ki, bu il təmir edilir.

- Hamiləliyi başa çatmadan ölən anaların sayı nə qədərdir?

-  Adətən ölənlərin içində 30 faizi təşkil edir. 2017-də qarnında diri uşaq olan ana ölümü baş verməyib. Qarnında ölü uşaqla müraciət edənlər də çox azdır. Vaxtından əvvəl doğuşların sayı ümumi doğuş sayının 15 faizini belə etmir.

- Doğuş zamanı yaranan problemlərin səbəbləri nədir?

-  Müxtəlifidir. Bəzi hamilələr sancı başlayan zamanı tam axırıncı dəqiqəyə qədər evdə oturur ki, gücvermə vaxtı xəstəxanaya gəlsin. Bu zaman həkimlərin səylərinə baxmayaraq uşaqlar travmalı doğulur. Onlara yardım göstəririk, ancaq elə üçüncü-dördüncü dərəcəli tənəffüs mərkəzlərinə qansızmalar olur ki, bərpa etmək çətin olur. Bundan başqa bətndə göbək ciyəsində düyünlər yarana bilər. Bu da doğuş vaxtı gücvermədə tarıma çəkilir və anadan uşağa gedən qan dövranını pozur. Uşaq havasız qalır, ölü doğulur.