"Ermənistan Avropa Şurasının yeganə üzvüdür ki, başqa dövlətin ərazisini işğal edib"


Siyasət 23 Apr 2018 20:15:00 269 0

"Ermənistan Avropa Şurasının yeganə üzvüdür ki, başqa dövlətin ərazisini işğal edib"

Ermənistan Avropa Şurasının (AŞ) yeganə üzvüdür ki, 25 ildir başqa dövlətin ərazisini işğal edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sahibə Qafarova AŞ PA-nın yaz sessiyası zamanı deyib.

S.Qafarova deyib: "Ermənistan azərbaycanlıların kütləvi şəkildə qətlində iştirak edib və hələ də işğalçılıq siyasətini davam etdirir. Bu, Avropa cəmiyyəti üçün qara ləkədir və biz avropalı olaraq müvafiq tədbirlər görməliyik".

Qeyd edək ki, bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası başlayıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak edir.

Yaz sessiyasında Assambleya bürosunun və daimi komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və AŞ-nin rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək.

"Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması: Avropa dəyərləri təhlükədə" mövzusu təcili debatlarda müzakirə olunacaq.