"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...


Digərləri 23 Apr 2018 18:12:00 258 0

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

Hakimiyyətdə "əbədi" qalmaq üçün Ermənistanı parlament respublikasına keçirdərək baş nazir postuna seçilən Serj Sarkisyana qarşı aprelin 13-dən başlayan etiraz aksiyaları nəticə verdi və Sarkisyan istefa verməyə məcbur oldu.

Hüquq-mühafizə orqanları etirazçıları başsız qoymaq üçün aksiyanı bir neçə dəfə dağıtsa da, güc tətbiq etsə də, aprelin 21-də Armen Qriqoryan və David Sanasaryanı, bazar günü isə aksiyanın lideri, "Vətəndaş müqaviləsi" partiyasının və "Mənim addımım" təşəbbüsünün lideri Nikol Paşinyan, deputatlar Sasun Mikaelyan və Ararat Mirzoyanı saxlasa da, nümayişlər bazar ertəsi daha kütləvi xarakter aldı.

Etirazların səngiməməsi, aksiyaya qoşulanların sayının artması, xüsusilə də nümayişlərə gənclərin qatılması o deməkdir ki, xalq Sarkisyanın rəhbərlik etdiyi "Qarabağ klanı"ndan zihnara gəlmiş, bıçaq sümüyə dirənmişdi.

Son günlər Yerevanda həyat iflic olmuşdu: əmək qabiliyyətli insanların əksəriyyəti küçələrə axın etmişdi, paytaxtın küçə və prospektlərində isə nəqliyyatın hərəkəti qeyri-mümkün olmuşdu. İşsizliyin və yoxsulluğun səviyyəsinin artdığı, gənclərin fürsət düşən kimi xaricə qaçdığı Ermənistanda xalq ölkə iqtisadiyyatını çökdürən Sarkisyan hakimiyyətinə "Dur!" dedi. Bununla onlar həm də hərbi xidmətdə olan övladlarının özgə torpağında - Qarabağda həlak olmasına son qoymaq istəyirlər.

Adətən, ölkə daxilində vəziyyət gərginləşən kimi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyəti gərginləşdirməklə xalqın diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldən rəsmi Yerevan növbəti oxşar addımı atmadı və ya ata bilmədi. Birincisi, ona görə ki, düşmən Azərbaycan Ordusunun ayıq-sayıq olduğunu və belə təxribatların qarşısını almağa hər an hazır olduğunu çox yaxşı bilir. İkincisi isə Ermənistanın ənənəvi həmlələri əvvəlki effekti verməyəcəkdi, çünki itirməyə bir şeyi olmayan Ermənistan xalqı daha belə yalanlara uymayacaqdı.

Aksiya iştirakçılarının "Qoşulun!", "Polislər bizimdir", "Tətil" çağırışlarına bir sıra hərbçilər də qoşuldu. O hərbçilər ki, aprel döyüşlərində Azərbaycan Ordusunun gücü ilə tanış oldular. O hərbçilər ki, artıq "Qarabağ bataqlığı"na qərq olmaq istəmirlər. O hərbçilər ki, artıq ailələrini gözüyaşlı qoymaq istəmirlər.