Əli Həsənov: "Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb"


Digərləri 23 Apr 2018 14:57:00 282 0

Əli Həsənov: "Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb"

ABŞ Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş iddialara münasibət bildirərkən deyib.

Əli Həsənovun sözlərinə görə, hesabat göstərir ki, Dövlət Departamentinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrə münasibəti həmişə olduğu kimi yenə də tendensioz xarakter daşıyıb. Hesabatın hazırlanma metodologiyası hər bir məsələyə dair konkret bir, bəzi hallarda isə bir neçə faktın konstatasiyası, onların müəyyən siyasi dairələrin maraqlarına uyğun, qərəzli şəkildə təsviri, müvafiq nəticənin hasil edilməsi və bütün sahə üzrə ümumiləşdirilməsi prinsipi üzərində qurulub. Belə yanaşma, habelə mənbələrin göstərilməməsi, bir qayda olaraq "ekspertlər", "fəallar", "QHT təmsilçiləri" və bu kimi müəmmalı "mənbələrə" "istinad edilməsi" hesabatın obyektivliyini və şəffaflığını ciddi şübhə altına alır.

Əli Həsənov qeyd edib ki, 2013-cü il prezident seçkiləri də daxil olmaqla Azərbaycanda keçirilən bütün seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun, demokratik, ədalətli və şəffaf olub. Xalqın iradəsini əks etdirib. Bu fakt çoxsaylı xarici və beynəlxalq müşahidəçi qrupların açıqlamalarında və hesabatlarında da öz əksini tapıb.

Azərbaycan demokratik dövlətdir, Konstitusiya normalarına uyğun olaraq ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyəti təmin olunmuşdur. Buna görə də hansısa şübhəli "faktlar" əsasında hakimiyyət qanadlarının, ayrı-ayrı dövlət orqanlarının nüfuzunu aşağılayan qərəzli iddiaları qəbul etmirik və onları ciddi əsası olmayan subyektiv mülahizə kimi qiymətləndiririk.