Yuri Maksimov: "Ümidimizi ölkə kubokuna bağlamışıq" - MÜSAHİBƏ


İdman 22 Apr 2018 15:13:00 230 0

Yuri Maksimov: "Ümidimizi ölkə kubokuna bağlamışıq" - MÜSAHİBƏ

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Ukrayna mətbuatına müsahibə verib. Goal.az həmin müsahibəni təqdim edir. 

- Komandanız “Sumqayıt”la iki oyunun nəticəsinə görə ölkə kubokunda finala çıxdı. Bu turnirdə iddianız var idimi?

- Bəli, çünki çempionatda Avrokubok zonasına düşmək şansımız qalmadığı üçün ümidimizi ölkə kubokuna bağlamışıq. “Sumqayıt”la oyunlar isə çox çətin keçdi. Ümumiyyətlə, komandalar demək olar ki, eynisəviyyəlidilər. Amma fərqi budu ki, onlar uzun müddətdi bir yerdə çıxış edirlər. Bizdə isə faktiki yeni komandadı. Yaxşı toplanış keçdik, amma oyunçuların səviyyəsini anlamaq üçün ən az 10 rəsmi matç keçirmək lazımdı. Bununla belə oyunçular yaxşıdılar və onları da final üçün təbrik edirəm.

- “Sumqayıt”la cavab matçında insident yaşandı və bunun səbəbkarı siz idiniz. Nə baş vermişdi? Emosiyalarınıza hakim ola bilmədiniz?

- Emosiyaların nə dəxli var? Hər şey gözümün qabağında, yan xəttin yanında baş verdi. Görünürdü ki, rəqib futbolçu bilərəkdən o cür sürüşmə fəndi elədi, az qala oyunçumun ayağını qıracaqdı. Əgər mən futbol oynamamış olsaydım, buna belə reaksiya verməzdim, amma çox kobud hərəkət idi.

- Finaldakı rəqibiniz “Qəbələ” haqqında nə deyə bilərsiniz?

- Kubok yarışıdı və finalda əsl mübarizə görəcəyik. Amma mənim düşüncəmə görə, “Qəbələ” favoritdi. Şanslar 70/30 %-lə onların xeyrinədi. Bundan əlavə final Qəbələdə keçiriləcək. Bu səbəbdən Qriqorçukun komandası bir az daha motivasiyalı olacaq.

- Qriqorçukla artıq yollarınız kəsişibmi?

- Bəli, bizim onunla yaxşı münasibətimiz var. Bəzən media aramızda nəsə intriqa yaratmaq istəyir, amma heç bir problem yoxdur. Biz onunla sadəcə burda deyil, daha əvvəl çalışdırdığımız komandalarda da qarşılaşmışıq. Yenə deyirəm, kimlərsə məsələləri fərqli göstərmək istəsə də, bizim heç bir problemimiz yoxdu.

- Azərbaycanda bir neçə ay işləməklə çempionat haqqında bir fikriniz yaranıbmı?

- İndi tam əminliklə deyə bilərəm ki, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir. Bütün komandalar gözəl, kombinasiyalı futbol göstərməklə yanaşı, hər xal üçün də barışmaz mübarizə aparırlar. Əmin oldum ki, Azərbaycan çempionatında heç kim boş yerə meydana çıxmır.

Tərcümə: apasport