Ermənistanda nə baş verir?


Dünya 21 Apr 2018 23:35:00 268 0

Ermənistanda nə baş verir?

1. Hazırda vəziyyət nə yerdədir?

Ermənistan paytaxtında minlərlə adamın etirazı davam edir. Nümayişdə tələbələr fəallıq edirlər.

Yerevanda səhər tezdən başlayan aksiyalarda etirazçılar bəzi dövlət binalarının qarşısına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi və Təhsil və Elm nazirlikləri yerləşən binanın önünə toplaşıblar.

Keçmiş prezident Serj Sarkisyanın baş nazirliyinə etiraz edən millət vəkili Nikol Paşinyan tərəfdarlarını idarələrin girişlərini bağlmağa, işçiləri "məxməri inqilaba" qoşulmağa çağırıb.

Polis onlarla adamı həbs edib.

2. Etirazlar necə başladı?

Yürüşün əsas şüarı - "Rədd et Serji"

Etiraz aksiyaları bir qrup ictimai fəallar tərəfindən Serj Sarkisyanın prezidentlik müddəti başa çatdığı gündən, aprelin 10-dan başlanıb.

Məqsəd Serj Sarkisyanın parlament tərəfindən baş nazir seçilməsinə yol verməmək olub. Hərçənd ki, aprelin 17-də o, artıq baş nazir təyin olunub.

Etiraz hərəkatına parlamentin müxalif "Yelk" ("Çıxış") fraksiyasının rəhbəri Nikol Paşinyan rəhbərlik edir.

Aprelin 9-da Serj Sarkisyanın son, ikinci prezidentlik müddəti başa çatıb və onun rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyasının (ERP) təşəbbüsü ilə ölkə prezidenti vəzifəsinə Ermənistanın Britaniyadakı keçmiş səfiri Armen Sarkisyan seçilib.

Lakin hakim ERP öz liderinin namizədliyini, 2015-ci il Konstitusiyasına əsasən, daha geniş səlahiyyətlərə malik olacaq ölkənin baş naziri vəzifəsinə irəli sürüb.

Səsvermə zamanı namizədinin qələbəsini təmin etmək üçün Daşnaksutyun Partiyası ilə koalisiya təşkil etmiş hakim ERP fraksiyası kifayət qədər səsə malikdir.

3. Hadisələrə kim necə reaksiya verib?

Yerevanda etirazla çıxanların sayı artmaqdadır

Serj Sarkisyanın baş nazirliyi əleyhinə səs verəcəyini hələlik yalnız müxalif "Yelk" ("Çıxış") fraksiyası bəyan etmişdi.

Lakin 9 nəfərdən ibarət bu fraksiyanın təmsil olunduğu üç siyasi partiyadan - İşıqlı Ermənistan, Respublika Partiyası və Vətəndaş Müqaviləsi - yalnız Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi etiraz aksiyalarına qatılıb.

Müxalifət və bir çox siyasi ekspert daha əvvəl də ölkənin parlament idarəetmə üsuluna keçid üçün keçirilmiş Konstitusiya islahatının məhz Serj Sarkisyanın hakimiyyətdə qalmasını təmin etmək üçün düşünüldüyünü deyirdilər.

Ermənistan Baş Prokurorluğu toqquşmalardan sonra "kütləvi iğtişaşlar" maddəsilə cinayət işi açıb.

Polisin bəyanatında deyilir ki, Nikol Paşinyanın təşkil etdiyi "aksiyaların böyük hissəsi Ermənistan Respublikası sərbəst toplaşmaq azadlıqları haqqında qanununa ziddir və cinayət əlamətləri ehtiva edir".

Aparıcı media vasitələri etirazları məhdud həcmdə işıqlandırır.