Müsəlman kosmonavtlar SİYAHI


Digərləri 21 Apr 2018 22:05:00 274 0

Müsəlman kosmonavtlar  SİYAHI

12 aprel 1961-ci ildə ilk insanın kosmosa uçuşu reallaşdıqdan sonra ötən 57 il ərzində təqribən 500 nəfər Yer orbitini adlayaraq kosmosa uçmuşdur. Bu 500 nəfərin doqquzu müsəlmandır.

Kosmik uçuşa qatılmış ilk müsəlman Səudiyyə Ərəbistanının şahzadəsi Sultan ibn Salman ibn Əbdüləziz olmuşdur. O, 1985-ci ildə, 29 yaşında ikən Discovery kosmik gəmisinin komanda heyətinin tərkibində "faydalı yük üzrə mütəxəssis" kimi Yerətrafı səfərə çıxmışdır. Arabsat təşkilatını təmsil edən və bu təşkilatın rabitə peykinin kosmosa buraxılmasını həyata keçirən Sultan ibn Salman 7 gün kosmosda qalmışdır.

Son.az islam.az-a istinadən bildirir ki, iki ildən sonra (1987-ci ildə) Suriya Hərbi Hava Qüvvələrinin 36 yaşlı polkovniki Mühəmməd Faris kosmosa uçuş tarixinə öz adını ikinci müsəlman kimi daxil etmişdir. Sovet İttifaqının "Soyuz" kosmik gəmisinin ekipajının üzvü kimi Mühəmməd Farisin uçuşu bir gün davam etmişdir. O, uçuş zamanı kosmik tibb və materialşünaslıq üzrə müşahidələr aparmışdır. M.Faris Suriyanın yeganə kosmonavtıdır. Suriyada baş verən son hadisələr zamanı müxalifətə qoşulmuşdur.

Kosmosa səfər etmiş üçüncü müsəlman Dağıstan mənşəli, milliyyətcə lak olan Musa Xiramanoviç Manarovdur. Qeyd edək ki, Manarov 1951-ci ildə Bakıda anadan olmuş, sonra ailəsi ilə birlikdə Azərbaycanı tərk etmişdir. Musa Manarov 1987-ci il dekabrın 21-də "Soyuz" raketində bort mühəndisi kimi uçuşa başlamış, "Mir" orbital stansiyasında düz 1 il (366 gün) qalmaqla o zaman üçün kosmosda ən uzunmüddətli uçuş rekordunu vurmuşdur. Manarov 1990-91-ci illərdə daha bir dəfə kosmosu fəth etmiş, onun bu dəfəki uçuşu 175 gün sürmüşdür. O, uçuşlar zamanı 7 dəfə açıq kosmosa çıxmış və üst-üstə 34 dəqiqədən artıq açıq kosmosda qalmışdır.

1988-ci ildə 29 yaşlı əfqanıstanlı Əbdüləhəd Momand sovet kosmik gəmisində dördüncü müsəlman kosmonavtı kimi uçuş etmişdir. Maraqlıdır ki, 1988-ci ildə bir neçə gün ərzində "Mir" orbital stansiyasında iki müsəlman kosmonavt - Manarov və Momand - yanaşı fəaliyyət göstərmişlər. Momand uçuş zamanı özü ilə iki ədəd Quran nüsxəsi də götürmüşdü. Onun kosmosa uçuşu 9 günə yaxın davam etmişdir. Uçuş zamanı yaranmış texniki nasazlığı təkbaşına həll etməklə Momand bütün ekipajı ölümdən xilas etməyə nail olmuşdu. Momand sonralar qısa müddət ərzində Əfqanıstanın mülki aviasiya nazirinin müavini vəsifəsində çalışmış, radikal qüvvələrin hakimiyyətə gəlişindən sonra ölkəni tərk edərək Almaniyaya köçmüşdür.

1991-ci ildə kosmosa uçmuş milliyyətcə qazax olan Toktar Onqarbayeviç Aubakirov Qazaxıstanın ilk, SSRİ-nin isə son kosmonavtıdır. 45 yaşlı Aubakirovun kosmosa uçuşu təqribən 8 gün davam etmişdir.