İçində qəbir olan məsciddə namaz qılmaq olarmı?


Digərləri 21 Apr 2018 20:05:00 323 0

İçində qəbir olan məsciddə namaz qılmaq olarmı?

Bu şübhəni irəli sürənlər adətən radikal cərəyanlara məxsus şəxslərdir. Onlar müqəddəs və mübarək şəxslərin məzarının ziyarət olunması ilə barışmır və müxtəlif yollarla bu ənənəni aradan qaldırmağa çalışırlar. Bu yollardan biri də ziyarətgahlarda insanların ibadət etməsinə mane olmaqdır. Doğrudur, şəriətimizə görə qəbristanlıqda namaz qılmaq məkruhdur (bəyənilməzdir). Amma nəzərə almaq lazımdır ki, ziyarətgah qəbristanlıq deyil. Mübarək şəxslərin dəfn edildiyi məkanlar Allahın nəzəri altında olan məkanlardır.

Son.az islam.az-a istinadən bildirir ki, buraları ziyarət etmək, dua edib ibadətlə məşğul olmaq savabdır. Əlbəttə, namazı başqa insanların ziyarətinə mane olmayacaq tərzdə yerinə yetirmək lazımdır. Bunun üçün adətən, ziyarətgahlarda məzarın yerləşdiyi məkanın yanında ayrıca ibadət zalı olur. Unutmayaq ki, müsəlmanların iki ən müqəddəs məscidi Məkkədəki Məscidül-həram və Mədinədəki Peyğəmbər məscididir. Bunların hər ikisinin daxilində məzar yerləşir. Məscidül-həramın içində, Kəbəyə bitişik yerdə Həzrət İsmail Peyğəmbərlə (ə) anası Hacər dəfn ediliblər. Hədislərə görə, ümumilikdə bu məscidin hüdudları daxilində yüzlərlə peyğəmbər məzarı yerləşir. Mədinədə məscidinin içində isə Həzrət Mühəmməd Peyğəmbər (ə), Əbubəkr və Ömər dəfn edilmişlər. Göründüyü kimi, bu müqəddəs məscidlərin içində məzarın olması orada ibadət etməyin savabına mənfi təsir göstərmir.