Özəyi yeyilir, toxumundan dərman hazırlanır


Digərləri 21 Apr 2018 19:55:00 323 0

Özəyi yeyilir, toxumundan dərman hazırlanır

Qanqal yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən çox geniş yayılmış bitkidir. Onun yazın əvvəlində yetişən şirəli özəyini böyükdən kiçiyə hamı xoşlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tibdə ləkəli alaqanqal adlandırılan bitkidən həm də müalicə vasitəsi kimi bir sıra xəstəliklər zamanı istifadə olunur. Hələ 2 min il bundan əvvəl qanqalın adı Qədim Romada tibbi mövzuda yazılan elmi əsərlərdə çəkilir və ondan qara ciyər xəstəliklərinin müalicəsində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı tətbiq edirdilər.

XX əsrdə Almaniyanın Münxen Əczaçılıq İnstitutunda qanqalın qara ciyərə pozitiv təsiri təsdiq olundu. Qanqal dünya əczaçılıq sənayesində qara ciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edildi. Həmin dərmanlar qara ciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ və müalicəvi toz hazırlayırlar. Bitkinin ən xeyirli hissəsi onun toxumlarıdır.