Ali Məhkəmə iki qardaşı öldürdüyünə görə ömürlük cəza alan şəxslə bağlı məhkəmə qərarını ləğv edib


Sosial 21 Apr 2018 17:06:04 310 0

Ali Məhkəmə iki qardaşı öldürdüyünə görə ömürlük cəza alan şəxslə bağlı məhkəmə qərarını ləğv edib

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Ali Məhkəmədə iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən və ömürlük həbs cəzası alan Zaur Tərlanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2015-ci il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Z.Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Qaradağ rayonu Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb.

Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.