Bakıda qonşusunu bıçaqlayan şəxsin apellyasiya şikayəti təmin edilməyib


Sosial 21 Apr 2018 14:35:00 254 0

Bakıda qonşusunu bıçaqlayan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib

Bakı Apellyasiya Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən 1994-cü il təvəllüdlü Nəsib Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Əhmədovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib.

Qeyd edək ki, hadisə ötən il Bakıda - Heydər Əliyev prospektində yeraltı keçidin yaxınlığında baş verib. N.Əhmədov qonşusu Heybət Əliyevə evinin qabağında uşaqlarla duraraq yüksəkdən danışmasına etiraz edib. Qonşusu isə buna məhəl qoymayıb. Daha sonra tərəflər arasında münaqişə qanlı hadisə ilə nəticələnib.

N.Əhmədov münaqişə zəminində qonşusu H.Əliyevə 4 bıçaq zərbəsi endirib. Yaralının həyatını xilas etmək mümkün olub.

N.Əhmədov isə polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əhmədov üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.