Çində universitet birincisi olan azərbaycanlı tələbə Xaricdə təhsil FOTO


Digərləri 20 Apr 2018 22:49:00 243 0

Çində universitet birincisi olan azərbaycanlı tələbə  Xaricdə təhsil  FOTO

Fərahim Hüseynzadə: “Burada kitabxanaların boş olduğunu görmək müşkül məsələdir”

Fərahim Hüseynzadə: "Burada kitabxanaların boş olduğunu görmək müşkül məsələdir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu yaxınlarda azərbaycanlı tələbə Fərahim Hüseynzadə Çində universitet birincisi oldu. Çinin Renmin Universitetində təhsil alan həmyerlimiz oxuduğu ali təhsil müəssisəsinin daxili təqaüdünə və ən yüksək mükafatına layiq görülüb. "Xaricdə təhsil" rubrikası üçün elə bu nailiyyətindən dolayı Fərahimlə söhbətləşdik. Deyir ki, Çinə gedəndən ağlındakı tək fikir təhsilini tamamlayıb, yenidən Azərbaycan qayıtmaqdır. Bütün gücünü, elmini, biliyini ölkəmizin, xalqımızın inkişafı üçün sərf etmək niyyətindədir.   Qeyd edək ki, F.Hüseynzadə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin ingilis bölməsində bakalavr təhsili alıb. BDU-da oxuduğu müddət ərzində fakültənin Tələbə Gənclər Təşkilatının sədri və iki dəfə "İlin tələbəsi" seçilib.

Hazırda isə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikasının qarşılıqlı müqaviləsi əsasında (Chinese Government Scholarships) Renmin Universitetində "Çinin biznes hüququ" üzrə magistr pilləsində tam təqaüdlə təhsilini davam etdirir. Təhsil aldığı müddətdə ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən F.Hüseynzadə "Academic Performance" kateqoriyası üzrə Renmin Universitetində nəinki fakültə, həmçinin universitet üzrə birinci olmağı bacarıb. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan olan tələbə həmkarlarını qabaqlamağı bacarıb.   - İlk olaraq sizi tanıyaq.

- 1994-cü ildə Bakı şəhərində doğulmuşam. Məktəb illərində bir çox bilik yarışlarında özümü sınamışam. "Mən Azərbaycanlıyam" intellektual oyunu üzrə ilin qalibi, "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə kubokların sahibi, "Xəmsə" milli intellektual oyunu üzrə ölkə birincisi və universitet liqası üzrə Azərbaycan çempionu olmuşam. Həmçinin, "Ağıl Dəryası", "Parlaq zəka" bilik yarışmalarında iştirak etmişəm. 2011-ci ildə 642 balla BDU-nun hüquq fakültəsinin ingilis dilli bölməsinə qəbul oldum. Hüquq sahəsində də kifayət qədər təcrübəm var. Çünki ixtisasım üzrə müxtəlif qurumlarda həm praktika keçmişəm, həm də çalışmışam. 2015-ci ildə universiteti bitirib hərbi xidmətə yollandım. Hərbidən tərxis olunduqdan sonra isə yaxın bir dostumla şirkət qurduq. 2017-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikası arasında olan təhsil proqramına əsasən Çinin Remain Universitetində tam təqaüdlə təhsil almaq şansı qazandım. Oxuduğum illərdə də universitet rəhbərliyi heç vaxt dəstəyini əsirgəməyib. Xüsusilə də rektorumuz Abel Məhərrəmovun və fakültəmizin dekanı Əmir müəllimin daim dəstəyini hiss etmişəm. İstər xarici ölkələrə təhsil üçün müraciət edəndə, istərsə də ictimai fəaliyyətimdə əllərindən gələn köməkliyi göstəriblər. Uğurlarıma verdikləri töhfə əvəzsizdir. Buna görə onlara təşəkkür edirəm.

- Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz? Və nəyə görə Çin?

- Əslində, əvvəldən xaricdə təhsil haqqında planım var idi. Təhsil, digər ölkələrin də insanları ilə fikir mübadiləsi apardıqca daha da dəyərli olur. Bütün günü kitabxanada oturub kitab oxumaqla elmi, təhsili mənimsəmək olmaz. Müxtəlif düşüncəli insanların da fikirlərini eşitmək lazımdır. Məncə, insan daim özünü inkişaf etdirməyə çalışmalıdır. Həmin ərəfədə dünyanın bir çox tanınmış universitetlərindən dəvətə almışdım, amma Çini seçdim. Çini seçməyimə səbəb isə hazırda bu ölkə ilə əlaqələrin genişləndirilməsinin ölkəmizin prioritet məsələlərindən biri olmasıdır. Düşünürəm ki, ölkələr arasında olan bu əməkdaşlığı inkişaf etdirəcək, genişləndirəcək şəxslərə ehtiyac var. Hüquq sahəsi də, dövlətin sütunlarından biridir. Buna görə düşündüm ki, Çin ən doğru seçimdir. Bura gələndən sonra da bir daha əmin oldum ki, bu ölkədə olan innovasiyalar, inkişaf daha çoxdur və seçimim də yanılmamışam.   - Xaricdə təhsil şərtdirmi?

- Əslində, bu sualı verəcəyinizi gözləyirdim. Yox, məncə,  xaricdə təhsil şərt deyil. Başqa ölkəyə getmədən də kifayət qədər özünü inkişaf etdirmək olar. Yəni, hazırda texnika və texnologiya o qədər inkişaf edib ki, istənilən onlayn resursdan istifadə edərək, biliklərini artıra bilərsən. Məncə, məkanın fərqi yoxdur. İnsan öz şəxsi inkişafı üçün daim çalışmalıdır. Ona görə də "xaricdə təhsil mütləq olmalıdır" deyə bir düşüncəm yoxdur. Amma ki, əgər təqaüdlü təhsil proqramlarına qoşulmaq imkanı varsa, ölkəmiz belə bir şərait yaradıbsa, niyə də bundan istifadə edilməsin?    - İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı fərqləri müşahidə etdiniz?

- Bir çox dünya ölkələrində olduğu kimi Çində də dərsin keçirilməsində interaktiv üsula üstünlük verilir. Texnologiyanın verdiyi imkanlardan geniş istifadə etmək olur. Digər tərəfdən, Çində kitabxana mədəniyyəti daha çox inkişaf edib. Burada kitabxanaların boş olduğunu görmək müşkül məsələdir. Kitabxana müqəddəs bir yer sayılır. Oxumağa böyük həvəsləri var. Çünki irəli getməyin, inkişaf etməyin yolunu oxumaqda görürlər. Amma buna baxmayaraq, müəyyən oxşarlıq da var. Belə ki, konfutsi mədəniyyətindən irəli gələrək, müəllimə dərin hörmət və ehtiram hissi ilə yanaşırlar. Yəni, bu o demək deyil ki, digər ölkələrdə bu yoxdur. Sadəcə, Azərbaycanda və Çində daha yüksək səviyyədədir. Məncə, bir qədər də ideologiyadan irəli gələn yanaşmadır.   - Xarici ölkəyə gedən tələbələrin mətbəxə öyrəşmək məsələsi də var. Çin mətbəxinə alışmaq çətin olmadı ki? 

- Buranın mətbəxinə öyrəşə bilməmişəm, məncə, öyrəşə də bilməyəcəyəm (gülür). Mətbəxlərimiz çox fərqlidir. Bacardığım qədər yeməkləri özüm hazırlayıram. Əsasən, toyuqdan hazırlanmış yeməkləri yeyirəm. Çinlilərin əsas yeməyi əriştədir. Bəzi xəmir yeməkləri var ki, bizimkilərə oxşayır. Bir az da onlardan yeyə bilirəm. Açığı, yeməklərini dadmağa çəkinirəm, çünki çox acılı olur.


Xəbərə aid fotolar