Kollektiv müqavilə və sazişlərin bağlanması mövzusunda seminar keçirilib


Digərləri 20 Apr 2018 20:47:07 176 0

Kollektiv müqavilə və sazişlərin bağlanması mövzusunda seminar keçirilib

“Kollektiv müqavilə və sazişlərin bağlanması” mövzusunda seminar-müşavirə keçirilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərindəki “Azərkimya” İstehsalat Birliyində “Kollektiv müqavilə və sazişlərin bağlanması” mövzusunda seminar-müşavirə keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, onun 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin və Sumqayıt şəhəri üzrə 20-dək işəgötürənin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması məqsədini daşıyıb. Tədbirdə Xidmətin rəsi müavini Anar Quliyev əmək münasibətlərinin tənzimlənməsinin müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edən kollektiv müqavilə və sazişlərin bağlanmasının ümumi qaydaları barədə işəgötürənlərin geniş maarifləndirilməsinin onlar üçün önəmli olduğunu bildirib. “Azərkimya” İB-nin icraçı direktorunun müavini Vüqar Kərimov işəgötürənlər arasında təşkil olunan belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Şahin Hacıyev kollektiv müqavilə və sazişlərin bağlanmasının ümumi qaydaları barədə məlumat verib. Bildirilib ki, yazılı formada bağlanan kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqı təşkilatı, müəssisədə həmkarlar ittifaqı təşkilatı olmadıqda isə, ikinci tərəfi əmək kollektividir. Bu, işəgötürənlə işçilər arasında əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən hüquqi aktdır və kollektiv müqaviləni pozmağa görə müəssisənin vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilirlər.